![]()
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Azərbaycanın “Sabah” klubu İngiltərənin “Mançester Yunayted” komandası ilə qarşılaşacaq.
Oyuna saatlar qalmış artıq Böyük Britaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı azarkeşlər Mançesterə gəlməyə başlayıblar. Onlar tarixi qarşılaşmada “Sabah”a dəstək olmaq üçün şəhərə üz tutublar.
Şotlandiyanın Qlazqo şəhərindən Mançesterə gələn Cəlil Mehtiyev Subyekt.az AZƏRTAC-a istinadən açıqlamasında bildirib ki, qarşılaşmaya nikbin yanaşır: “Sabah” klubunu, onun azarkeşlərini və ümumilikdə bütün Azərbaycan futbolsevərlərini təbrik edirəm. Bir azarkeş kimi oyuna optimist yanaşıram və yaxşı nəticə ilə qayıtmağımızı istəyirəm. “Mançester Yunayted” Premyer Liqaya istədiyi kimi başlaya bilməyib və məğlubiyyətlərlə üzləşib. Buna görə də bu oyunda qol vurmağa və yaxşı nəticə əldə etməyə çalışacaqlar. “Sabah” isə oyun ərzində rəqibin taktiki gedişlərinə uyğunlaşmağı və onların planlarını pozmağı bacaran komandadır. Düşünürəm ki, “Sabah” mütləq qol vuracaq. Eyni zamanda, “Mançester Yunayted”in də fərqlənəcəyini düşünürəm. Mənim proqnozum 2:2-dir”.
Uorvik Universitetində təhsil alan Əsgər Quliyev də komandaya dəstək vermək üçün Mançesterə gəlib: “Mançester Yunayted” kimi bir rəqibə qarşı oynamaq və “Sabah”ı Mançesterdə dəstəkləmək bizim üçün böyük qürurdur. “Sabah” kimi gənc bir klubun Çempionlar Liqasının liqa mərhələsində çıxış etməsi bizdə böyük fərəh hissi yaradır. Komandamıza dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, “Mançester Yunayted” çox güclü rəqibdir. Nəticə ilə bağlı 1:1 və ya 2:2 hesablı heç-heçəyə ümid edirəm”.
Londondan gələn Əliheydər Babayev isə “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində çıxış etməsinin Azərbaycan futbolu üçün qürurverici hadisə olduğunu deyib: “Düşünürəm ki, oyun heç-heçə başa çata bilər. Nəticə necə olursa-olsun, komandamıza dəstək verəcəyəm. “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində olması çox qürurvericidir. İllərdir belə bir anı gözləyirdik”.
Subyekt.az