![]()
Cənubi Qafqazın geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. İlk növbədə, bu, Azərbaycan-Ermənistan münaqişəsinin geridə qalması və bölgədə yaranan sülh mühiti ilə bağlıdır. Lakin ehtiyatlı olmalıyıq. Çünki həm Avropa İttifaqından (Aİ) kənarda, həm də Aİ daxilində sülh prosesini pozmağa çalışan qüvvələr var.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, sülhü pozmağa çalışan qüvvələrin geniş lobbiçilik şəbəkələri və “ictimai vəkillik” adlandırılan mexanizmləri mövcuddur. “Müxtəlif Avropa təsisatlarında və bəzi hallarda media qurumlarında bu cür hallarla hələ də qarşılaşırıq. Bəzi şəxslər humanitar məsələlər pərdəsi altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışırlar. Halbuki hər iki ölkənin, Azərbaycanın və Ermənistanın liderləri davamlı sülhün və barışığın təmin olunması niyyətlərini dəfələrlə vurğulayıblar”, – deyə İdarə heyətinin sədri bildirib.
Fərid Şəfiyev digər mühüm məsələnin nəqliyyat, logistika və Orta Dəhlizlə bağlı olduğuna diqqət çəkərək deyib: “Cənubi Qafqazın şimal və cənub perimetrlərində iki qaynar münaqişənin mövcudluğunu nəzərə alsaq, yükdaşımalar və nəqliyyat üçün təhlükəsiz marşrutların əhəmiyyəti daha da artır. Bilirəm ki, Avropa İttifaqı da Mərkəzi Asiya və Azərbaycanla tərəfdaşlıq çərçivəsində bu istiqamətdə daha fəal əməkdaşlıq edəcək”.
Subyekt.az