![]()
Azərbaycanın müasir inkişaf yolunda dönüş nöqtəsi olan tarixi günlərdən biri də 1969-cu il 14 İyuldur. Məhz həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə seçildi və bu mühüm siyasi qərarla Azərbaycanın intibah dövrünün bünövrəsi qoyuldu.
Ulu Öndər Heydər Əliyevin birinci katib vəzifəsinə seçilməsi,
Azərbaycanın milli dirçəliş konsepsiyasının həyata keçirilməsinin başlanğıcı idi. Ulu Öndərib yüksək idarəçilik bacarığı, uzaqgörənliyi və dərin vətənpərvərliyi nəticəsində Azərbaycan qısa zamanda keçmiş Sovetlər Birliyində iqtisadi, sosial və mədəni sahələrdə nümunəvi respublikalardan birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin gənclərin təhsilinə xüsusi önəm verdi, elmin, sənayenin, kənd təsərrüfatının, səhiyyənin inkişafı istiqamətində köklü islahatlar həyata keçirdi. Azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil alması üçün şərait yaratdı, intellektual potensialın formalaşmasına nail oldu. O dövrdə əsası qoyulan milli kadr siyasəti sonrakı onilliklər ərzində Azərbaycanın inkişafında həlledici rol oynadı. Təsadüfi deyil ki, onun liderlik və yüksək idarəçilik keyfiyyətlərinin məntiqi nəticəsi olaraq Azərbaycan İttifaq dövlətləri arasında mərkəzi hakimiyyətdən dotasiya almadan öz iqtisadi təminatını formalaşdıran üç ölkədən biri olmuşdu.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın milli-mədəni dəyərləri qorundu, tarixi yaddaşı dirçəldildi, milli kimliyimizə, mənəviyyatımıza sahib çıxmaq üçün ciddi addımlar atıldı.
Bu gün müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi gücünün təməlində məhz 1969-cu ildən başlanan o müdrik siyasətin izləri dayanır. Bu tarixi mərhələ Cənab Prezident İlham Əliyevin liderliyi ilə uğurla davam etdirilir.
14 iyul bütöv bir xalqın taleyində dönüş yaradan, gələcəyə inam bəxş edən, xilaskarlıq missiyasının başlandığı gündür.
Günay Ağamalı
Milli Məclisin deputatı,
“Ana Vətən” Partiyasının sədri.
Subyekt.az