![]()
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov professor Şahlar Əsgərovu 85 illik yubileyi münasibətilə təbrik edib.
Hörmətli Şahlar müəllim!
Sizi 85 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, sabiq deputat, məşhur “91-lər”dən biri, dünya şöhrətli fizik, professor və ictimai-siyasi xadim, Əməkdar elm xadimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının üzvü kimi fəaliyyətiniz, eləcə də digər nümunəvi şəxsi, işgüzar və peşəkarlıq keyfiyyətlərinizlə səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.
Sizin anadan olduğunuz 15 iyun tarixi həm də Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Bu tarix Sizin həyatınızda da təsadüfi deyildir. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı (“91-lər”), o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət edərək, onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səslədilər. Həmin uzaqgörən və müdrik ziyalılardan biri də Siz idiniz. Buna görə də Ümummilli Lider Heydər Əliyev həmişə deyirdi: “Mən «91-lər»in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm.”
Siz həm də Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə dünyada tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətli işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və şöhrət qazandırmışdır.
Siz hələ 1964–1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda professor L.A. Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparmısınız. Bu istiqamətdə əldə etdiyiniz elmi nəticələr artıq 40 ildən çoxdur ki, böyük elmi-texniki layihələrin, o cümlədən ion mühərrikləri və termonüvə reaktorlarının yaradılması sahəsində geniş tətbiq olunduğundan dünya mütəxəssislərinə yaxşı məlumdur. Xüsusilə ABŞ-ın Kosmik Tədqiqatlar üzrə Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) və Amerika Aeronavtika və Astronavtika İnstitutunun (AIAA) əməkdaşları kosmik gəmilər üçün ion mühərriklərinin hazırlanmasında bu işlərdən hazırda da geniş istifadə edirlər.
Sizin rəhbərliyiniz altında 20-dən çox elmlər namizədi (fəlsəfə doktoru) və elmlər doktoru yetişmişdir.
Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır.
Siz 1995–2000 və 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2000–2005-ci illərdə isə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi fəaliyyət göstərdiyiniz dövrdə dövlətçiliyimizin və milli dəyərlərimizin qorunmasında müstəsna xidmətlər göstərmiş, ölkəmizin uğurlu daxili və xarici siyasətinin həyata keçirilməsində, sosial, elm, təhsil və mədəniyyət sahələrində aparılan islahatlarda yaxından iştirak etmisiniz. Həmçinin gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına daim öz töhfənizi vermisiniz.
Çoxsaylı elmi nailiyyətləriniz, təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz və uzunillik səmərəli fəaliyyətiniz Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir. Siz “Şöhrət” ordeni və “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmiş, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüsünüz.
Uğurlarınıza ürəkdən sevinən, qayğılarınıza hər zaman şərik olduğunuz həmkarlarınızın, yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə bəslədiyi sevgi isə qazandığınız ən böyük mənəvi sərvətdir.
Əziz Şahlar müəllim!
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.




Sizə dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının sektor müdiri
Qurban Sadıqov
Subyekt.az