![]()
09 iyun 2026-cı il tarixində Abşeron rayonunda “Qadınlar və QİÇS: Sağlam Gələcək Naminə” layihəsi çərçivəsində “HİV/QİÇS, Qadınların Sağlamlığı və Sağlam Həyat Tərzi” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə dəstəyi və Aids-lə Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbiri layihə rəhbəri Gülnar Nəsibli açıq elan edərək iştirakçıları salamlayıb və layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi HİV/QİÇS-lə bağlı məlumatlılığın artırılması, qadınların sağlamlıq sahəsində maarifləndirilməsi, stigma və ayrı-seçkiliyin azaldılması, eləcə də sağlam həyat tərzinin təşviq edilməsidir. Çıxışı zamanı təşkilatın həssas əhali qrupları ilə apardığı maarifləndirmə fəaliyyəti, profilaktik tədbirlər və psixososial dəstək istiqamətində gördüyü işlər barədə iştirakçılara məlumat verilib.
Təlimin əsas məruzəçilərindən biri olan Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun həkim-infeksionisti Arzu Pənahova HİV/QİÇS infeksiyası, onun ötürülmə yolları, risk faktorları, erkən diaqnostikanın əhəmiyyəti və müasir müalicə imkanları haqqında geniş təqdimatla çıxış edib. O qeyd edib ki, HİV-lə bağlı düzgün məlumatlandırmanın artırılması infeksiyanın profilaktikasında mühüm rol oynayır. Məruzə zamanı iştirakçılara virusdan qorunma üsulları, təhlükəsiz davranış qaydaları, müayinənin əhəmiyyəti və antiretrovirus müalicəsinin insan sağlamlığına müsbət təsirləri barədə ətraflı məlumat verilib. Həkim həmçinin HİV-lə yaşayan insanların cəmiyyətə tam inteqrasiyasının vacibliyini vurğulayaraq, onların hüquqlarına hörmətlə yanaşılmasının zəruriliyini diqqətə çatdırıb.
Daha sonra Positiv Psixologiya Mərkəzinin psixoloqu Elşən İsmayılov stigma, ayrı-seçkilik, qorxu və sosial təcrid kimi amillərin insanların psixoloji vəziyyətinə təsiri barədə çıxış edib. Psixoloq bildirib ki, HİV-lə bağlı mövcud olan yanlış təsəvvürlər və mənfi stereotiplər bir çox hallarda insanların vaxtında müayinə və müalicə xidmətlərinə müraciət etməsinə mane olur. O, iştirakçılarla psixoloji dayanıqlılığın gücləndirilməsi, stressin idarə olunması, özünəinamın artırılması və sağlam həyat seçimlərinin formalaşdırılması mövzularında fikir mübadiləsi aparıb. Çıxış zamanı cəmiyyətdə tolerantlığın, empatiyanın və qarşılıqlı dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb.
Təlim iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş müzakirələrlə davam edib. Görüşün sonunda xatirə şəkilləri çəkdirilib və iştirakçılara maarifləndirici məlumat materialları təqdim olunub.
Layihə çərçivəsində bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi əhalinin sağlamlıq sahəsində məlumatlılığının artırılması, HİV/QİÇS-lə bağlı stigma və ayrı-seçkiliyin azaldılması, sağlam həyat tərzinin təşviqi və insanların dəstək xidmətlərinə çıxış imkanlarının genişləndirilməsidir.








Subyekt.az