![]()
Bu gün Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Əməkdar artist Fatma Mehrəliyevanın anadan olmasının 100 ili tamam olur.
Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Quba şəhərində anadan olub. Hələ uşaqlıq illərində ifa etdiyi “Qubanın ağ alması” xalq mahnısı ilə Üzeyir Hacıbəylinin diqqətini cəlb edib və onun təşəbbüsü ilə musiqi təhsili almaq üçün Bakıya gəlib.
O, 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən “Sazçı qızlar” ansamblında çalışıb, daha sonra filarmoniyanın solisti olub. Fatma Mehrəliyeva muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb. Onun repertuarında “Qubanın ağ alması”, “Getmə dayan”, “Ceyranım”, “Qaragilə”, “Muğan qızı” kimi mahnılar xüsusi yer tutub.
Sənətkar 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filmində Telli obrazını canlandırıb. “Kəsmə şikəstə” muğamının ən tanınmış ifaçılarından biri kimi Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoyub. Və 1956-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Fatma Mehrəliyeva 4 yanvar 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Subyekt.az