![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı ölkəmizin beynəlxalq münasibətlərdə konstruktiv mövqeyini, sülh gündəliyinə sadiqliyini və regional sabitliyə verdiyi önəmi bir daha nümayiş etdirdi.
Bunu Subyekt.az saytına açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına açıq olduğunu göstərir:
“Prezident İlham Əliyevin Ermənistanın ‘Avropa Siyasi Birliyi’nin növbəti Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünü dəstəkləməsi mühüm siyasi mesajdır. Bu, Azərbaycanın sülh prosesinə yalnız bəyanatlarla deyil, real və praktik addımlarla töhfə verməyə hazır olduğunu göstərir. Ermənistanın da bu təşəbbüsə dəstək verməsi regionda qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli məqamdır”.
Mircəlil Qasımlı bildirib ki, son dövrlərdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması humanitar və iqtisadi baxımdan mühüm göstəricidir:
“Bu fakt Azərbaycanın sülh prosesinə praqmatik, məsuliyyətli və konstruktiv yanaşmasının ifadəsidir. Azərbaycan uzun illər ərzində üzləşdiyi ədalətsizliklərə baxmayaraq, bu gün regionda dayanıqlı sülhün, kommunikasiya xətlərinin açılmasının və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı kimi çıxış edir”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında Avropa təsisatlarının yanaşmasına dair səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, bəzi beynəlxalq qurumların Ermənistan-Azərbaycan məsələsində uzun müddət obyektivlikdən uzaq mövqe sərgiləməsi ikili standartların təzahürü kimi qiymətləndirilə bilər:
“Azərbaycan torpaqları işğal altında olduğu dövrdə ölkəmizin haqlı mövqeyinə lazımi siyasi dəstək göstərilmədi. Bəzi hallarda reallıqları tam əks etdirməyən yanaşmalar müşahidə olundu. Prezident İlham Əliyevin bu məsələləri beynəlxalq platformada açıq şəkildə gündəmə gətirməsi həm tarixi ədalətin, həm də siyasi həqiqətin ifadəsidir”.
Mircəlil Qasımlı vurğulayıb ki, Azərbaycanın mövqeyi aydındır və dəyişməzdir:
“Azərbaycan sülh gündəliyinə sadiqdir. Dövlətimizin başçısının da vurğuladığı kimi, əsas məqsəd regionda davamlı sülhün təmin olunması, qarşılıqlı etimadın gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Azərbaycanın təşəbbüsləri məhz bu məqsədlərə xidmət edir”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq platformalarda öz prinsipial, əsaslandırılmış və ədalətli mövqeyini qətiyyətlə müdafiə edir. Ölkəmiz bundan sonra da sülhün, sabitliyin və regional əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasətini davam etdirəcək.




Subyekt.az