![]()
15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü türk xalqlarını birləşdirən ortaq dilin, tarixin və milli kimliyin bayramıdır. Türk dili minilliklər boyunca yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşımızın, mənəvi gücümüzün və dövlətçilik düşüncəmizin daşıyıcısı olmuşdur.
Bu əlamətdar gündə türk ruhunu, mərdliyi, tarixə bağlılığı və milli şüuru öz misralarında yaşadan mərhum həkim-şair Cabir Umudun “TÜRKƏM” şeirini oxuculara təqdim etməyi mənəvi borc bilirik. Bu şeir türk kimliyinin poetik manifesti, milli qürurun və mənəvi bütövlüyün bədii ifadəsidir.
TÜRKƏM
“Göy yarılmalı, torpaq ayrılmalıdır ki,
sənin nəslin yox olsun”.
Bilgə Xaqan
Həm qılıncam, həm qələməm,
Həm zəfərəm, həm ələməm.
Namərdliyi mən biləməm,
Mərdliyə bürhanam, görkəm –
Türkəm!
Bilgə Xaqan soyundanam,
Şah Xətai boyundanam,
Arazın o tayındanam,
Ulu tarix, ulu görkəm –
Türkəm!
Pakam, comərdəm, halalam,
Göyəm-ulduzam, hilalam.
Öyülən qədər cəlalam!
Haqqa qul, nəfsimi tərkəm –
Türkəm!
Sınaqlardan keçən mənəm!
Zəfərə don biçən mənəm!
Xəyanətdən keçmərəm –
Qeyrətə, təpərə ərkəm!
Türkəm!
Könlüm can evimdə qonaq,
Can evim sarsılsa, qınaq!
Dörd aləm, yeddi qat – sınaq
İrfanam, imanam, dərkəm –
Türkəm!
Yağı məni yanamasın!
Yağı məni yanımasın!
İmdad mənəm, yanıma sin!
Əzmi sərt, biləyi bərkəm –
Türkəm!
Dünya Türk Dili Ailəsi Günü münasibətilə türk dünyasını, dilimizin keşiyində dayanan bütün ziyalıları təbrik edir, ana dilimizin daim yaşamasını, milli ruhumuzun sarsılmaz qalmasını arzulayırıq.

Rövşən Hüseynli
Subyekt.az