![]()
Poetik düşüncələri ilə bədii SÖZün TACını yaradan İslam Əzimovun yaradıcılığı “quzeydə xarramış qar” timsallıdır

Kəlbəcərin “qatı açılmamış” ədəbi söz boxçalılarından biri…
Kəlbəcərin təkcə təbiəti deyil, insanlarının da əvəzsiz nemət olmasının səbəblərinə diqqəti cəlb etməkdir.
Doğrudan da Kəlbəcər başdan-başa sərvətlər yatağıdır, lakin, nə yazıqlar ki, bunu yeraltı xəzinə kimi anlayıblar illər, əsrlər boyu. Kəlbəcərimiz elə ona görə də gözdən-könüldən uzaq düşmüşdü. 30 illik həsrət bunu da bizə diqtə etdi: “Gedin bir-birinizin qədrini bilin..!
Ulu Öndər Heydər Əliyev 1996-cı ildə bir qrup kəlbəcərli ziyalı ilə görüşündə heç də təsadüfi yerə xatırlatmadı ki, Kəlbəcər təkcə yeraltı, yerüstü təbii resurslarla deyil, insanları ilə də zəngindir.
Bəli, Kəlbəcərimiz sərvətlər yatağı olan bir diyardır. İnsanlarının vətənpərvərliyi, mənəviyyatca zənginliyi, ana yurda, torpağa, onun daş-qayasına sədaqətliyi ilə də seçiliblər. Nə yaxşı ki, bu yerlərin qədir-qiymətini bilmək kimi mənəvi zənginliyimiz də var. Axı, hər doğulan övlad ata ocağına, ana qucağına sədaqətli olmur, “ayağı yer tutan kimi” baş götürüb Vətəndən, doğma ata-ana yurdundan gedir və “son peşmançılıq fayda verməyəndə” “əli ətəyindən uzun”qayıdırlar – əliboş, xəcalətli…
Amma, nə yaxşı, Kəlbəcərimizi ana kimi doğma bilib, onun isti qucağında boy atıb, hərtərəfli zənginliyi, istedadı, zəhmətsevərliyi ilə tanınanlarımız daha çoxdur, demək olar ki, bu xarakterdə olanlar əksəriyyət təşkil edirlər.
Kəlbəcərdəki bəxtəvər günlərimizdə yazıb-yaradanların bir ədəbi birliyini (“Dəlidağın nəğmələri” adlı) yaratmışdı, mərhum alim-şairimiz Şamil Dəlidağ. O zaman həmin birliyin üzvləri olan şairlərimizin yaradıcılıq nümunələri rayon qəzetində (“Yenilik”) ayda bir dəfə olmaqla, dərc edilirdi. Mən qəzetdə çalışdığım illərdə həmin yaradıcılıq səhifəsinin məsul katibi olduğum üçün Kəlbəcərin əli qələmlilərinin əksəriyyətini həm şəxsi, həm də yaradıcılıq nümumnələri ilə daha yaxından tanışlıq imkanı qazanmışdım. Nə bəxtəvər idim ki, Bəhmən Vətənoğlunu, Sücayətimizi, Qəmkeşimizi, Əyyub və Yaqub qardaşlarını, Mirsəyyafımızı, Əlövsət və Əbülfət Sarıoğlu qardaşlarını (sadalamaqla qurtarmayan yaşlı və gənc nəsil şairlərimizi deyirəm) tanıdım.
Açığı, Kəlbəcərdə ilk dəfə əlimə qələm alıb, jurnalistlik fəaliyyətinə başlayandan belə təbii sərvətlərimizin maraqlı həyat hekayətlərini yazmaqdan nəinki yorulmadım, zövq aldım. Qırx ilə yaxındır bu eşq məni yaşadır ki, elə sərvətlərimizi mənəvi formada yaşadım, indiki və gələcək nəsillərə tanıdım.
“Dilləndirməsən dinməyən”lərimizdən birini tanıyaq…
Kəlbəcərin işğalından sonra kəlbəcərliləri xalqımız yaxşı mənada daha yaxından tanımağa başladı. Hətta “Kəlbəcər: yüz şairin bir kitabı”, “Kəlbəcər: sazın-sözün harayı”, eləcə də “Kəlbəcər dünyası: folklor nümunələri” kitablarım işıq üzü gördükdən sonra respublika ictimaiyyəti daha yaxşı duydu ki, Kəlbəcər təkcə təbiətin gözəl qızı deyilmiş, həm də müdriklər, şairlər, folklor yatağı imiş.
Ümumiyyətlə, kəlbəcərli yaradıcı insanlarımızın illərlə respublika miqyasında daha geniş tanınmaması onlarda bir bədbinlik yaradırdı. Düşünürdük ki, nədən əyalətdə yaşayıb-yaradan və xalq tərəfindən sevilənlər respublikanın yaradıcı təşkilatları tərəfindən susqunluqla qarşılanır? Məgər fəxri ad almaq üçün hansısa bir akademiyanımı bitirməlisən?! Yaxud bunun üçün doğulduğun kəndi tərk edib Bakıda kirayədə qalmalısan ki, səni yaradıcı insan kimi tanısınlar? Bu absurd yanaşma kəlbəcərli yazarları bir növ rəsmi yerlərdə görünməz etsə də, ölməz Xalq şairimiz Zəlimxan Yaqubun təbirincə desək, kimin ki şeiriyyəti sazın sinəsinə yazılır, həmin müəlliflər sözün əsl mənasında xalqın şairi, yazıçısıdır. Kəlbəcərdə isə belələrimiz barmaqla sayılacaq qədər az deyildi, əksinə, daha çox idi.
O vaxtlar adını çəkdiyim həmin ədəbi birlikdə “dilləndirməsən dinməyən”lərimiz də var idi. Onlardan biri olan İslam Əzimovun Kəlbəcərin işğalından sonra ədəbi-bədii səsi ölkəmizin hər guşəsindən gəldi.
İllərdir ki, İslam müəllimi sosial mediadan izləyir, şeirlərini oxuyur və ürəyimdə özümü qınayıram ki, belə yaradıcı şəxsin poetik dünyasına əsən mehlə – könlümü lirika ilə doldursam da, haqqında ikicə kəlmə yaza bilməmişəm. Açığı, yaradıcı insanlar heç vaxt onun yaradıcılığına ögeylik-doğmalıq göstərməyənlərdən umu-küsü etmirlər. Lakin bu heç də o demək deyil ki, onların bir isti, həlim ürək sözünə ehtiyacı olmasın. Bu, mümkün deyil. Hər kəs kimi, onların da mənəvi dünyalarına işıq salınmasını, yaradıcılıq emalatxanasında oxucusunu, ədəbi tənqidçilərin fikir və münasibətlərini gözləyən nümunələr var. Bu anlamda İslam Əzimovun da bədii yaradıcılığı haqqında fikir söyləmək, düşüncələrinin fəlsəfi dillə saf-çürük olunması üçün haqqı var.
Hələ Kəlbəcərdə olarkən ədəbi birliyin gənc üzvlərindən biri kimi tanıdığım İslam Məhəmməd oğlu Əzimov 1958-ci ildə anadan olub. M.F.Axundav adına Rus dili və ədəbiyyatı institutunu bitirdikdən sonra Kəlbəcər rayonunda pedaqoji fəaliyyətə başlayıb. Əmək fəaliyətinin beşinci ilində pedaqoji nailiyyətləri, müxtəlif qəzet və jurnallardakı çıxışları, rayon təhsil şöbəsi tərəfindən iş təcrübəsinin öyrənilməsi və yayılması İslam Əzimovun ən gənc yaşında “Baş müəllim” adına layiq görülməsi ilə nəticələnib.
O, elə həmin çağlardan asudə vaxtlarını şeir yazmağa həsr edən şair kimi də tanınıb. Yaxşı yadımdadır ki, hələ Kəlbəcərdə olarkən o, vaxtaşırı qəzet və jurnallarda çıxış edir, ədəbi ictimaiyyətin diqqətini çəkirdi.
İslam müəllim məcburi köçkün həyatını Bərdə rayonunda yaşayıb, Bərdə Rayon İcra Hakimiyyəti Aparatında, eləcə də şəhərin ən böyük tədris ocaqlardından biri olan şəhər 6 saylı tam orta məktəbin direktoru və s. vəzifələrdə çalışıb.
Bir oğul, iki qız atası olan İslam Əzimovun ömürnaməsinə yazılanlar yalnız bunlar deyil. Bir kitablıq yox, bəlkə də kitabxanalıq bədii yaradıcılıq nümunələri ilə xalqının xidmətində olan o vaxtkı gənc, bugünki müdrik müəllim və şairimizin şeirlərinə diqqət yetirməklə onu daha yaxşı və yaxından tanıya bilərik. Əslində, yaradıcılıq nümunələri onun şəxsiyyətini təsdiq edən ən vacib sənəddir.
İslam Əzimov müəllimdir: rus dili və ədəbiyyatı ixtisaslı pedaqoq. Bu, o deməkdir ki, dilin keşikçisidir. Dilimizi bizə ana öyrədir. Əlbəttə, elm ocaqlarından qabaq ana dilimizdə “Əlifba” öyrənirik. Bu da o deməkdir ki, anamızın dilini daha mükəmməl bilirik. İslam Əzimovun yaradıcılığına bir az uzaq məsafədən baxanda da onun ana dilinə, ədəbiyyatına olan sevgisini görməmək mümkün deyil. Burada klassik vəznlərdən (əruzdan) başlayaraq, müasir şeir dilinədək (sərbəst vəznə indi modernzm deyirlər), tələb olunan, vacib hesab edilən nə varsa, onun şeiriyyətində görmək mümkündür.
Söz tapmıram, vəsf eyləyim,
dastan yazım yaşına mən.
Kəlbəcərdə son illərədək əsasən klassik aşıq şeir növlərində yazanlar daha çoxluq təşkil edirdisə, bu gün tamamilə başqa mənzərə ilə qarşılaşırıq. Məsələn, İslam Əzimovun da bədii yaradıcılığında Nizami, Füzuli, Seyid Əzim, Əlağa Vahid dili var. Onun “Demişəm” rədifli qəzəlindən nümunə göstərməklə fikrimizi əsaslandıra bilərik:
Bu xəstə könlümə mən vəslini dərman demişəm,
Lütfü haqqdan diləyib, canına canan demişəm.
Bir mələk olduğunu sən də bilirsən ,bilirəm,
Əff elə qul xətasın, səhv edib, insan demişəm.
Gözəllər içrə səni, kim görüb ,mehparə deyib,
Mən də mehparə bilib, eşqimi pünhan demişəm,
Soysalar, uff demərəm, canımı bir büsən üçün,
Çün özüm niyyət edib, canımı qurban demişəm
Abu-həyat kimidir İslama sevgi əzabın,
Eşq üçün naləyə mən sureyi-Rəhman demişəm.
İslam Əzimovu görə bilmədiyim üçün ona verəcəyim sualların cavablarını sosial mediada və hələ Kəlbəcərdə yaşadığımız, bir-birimizi o qədər də yaxından tanımadığımız illrədə qəzetdə dərc etdiyimiz, dil-əzbərinə çevrilən şeirlərində axtarmalı oldum.
Yeri gəlmişkən, bu üsul da virtual aləmin yaradıcı şəxslərə bir “yolgöstərəni”dir sanki. 70 illiyi ilə bağlı arxada qalan illərdə qazancını və itirdiklərini, eləcə də halını soruşmaq üçün Bəhmən Vətənoğluya 7 sual ünvanlamışdım. O da həmin suallara ancaq şeirləri ilə cavab yazmışdı. “Ozan” qəzetində redaktor olduğum illər idi. Mən həmin müsahibəni qəzetdə dərc edib, şairin ünvanına, Kəlbəcər bizdə olmadığı üçün, Gəncəyə yolladım.
Bu gün İslam Əzimovun ədəbi-bədii dünyasına boylanıram. O, Bərdə şəhərində, nə bilim, bəlkə də Kəlbəcərdədir. Axı, Kəlbəcərimizin hər fəsli də gözəldir. Bu gözəlliyi, cənnəti İslam Əzimov çoxlarından daha fərqli görür və bədii formada ifadə edir. Gəlin şairin Kəlbəcərin vəsfi ilə bağlı bir gəraylısına nəzər yetirək:
Söz tapmıram, vəsf eyləyim,
Dastan yazım yaşına mən.
İlmə-ilmə ilmələşmiş,
Qayasına, daşına mən.
Zirvələri ər oğlu ər,
Çəmənləri nazlı pəri.
Çiçəklidağ – sirli xalı,
İsti Suyu- şah əsəri.
Yaradanın hikmətindən
Xəbər verir hər dağ, dərə.
Şübhəm yox ki, mələklər də
Qədəm basmış Kəlbəcərə.
İnsan oğlu, hikmətə bax,
Ayaq saxla, bir dön geri,
O dünyanın cənnəti var,
Bu dünyanın Kəlbəcəri.
***
Addım-addım, qarış-qarış
xəzinədi bilən, bilir.
Loğman timsal təbiətin
şəfa üçün gələn, bilir.
Səxavətdə yox bənzəri,
çörəyini bölən bilir.
Min sınaqla zirvələşib,
Xan Tərtəri alın təri.
İnsan oğlu, hikmətə bax,
Ayaq saxla, bir dön geri.
O dünyanın cənnəti var,
Bu dünyanın Kəlbəcəri.
Bu şeirin türk dünyasında, o taylı-bu taylı Azərbaycanda dillər əzbəri olması heç də təsadüfi deyil. Məncə, şeirin forması, elə məzmunu da ona mahnı bəstələnməsi üçün çox uyğundur. Doğma ana yurdunu gərək belə sevəsən ki, ifadə edə biləsən də. İslam Əzimovun belə şeirləri kifayət qədərdir.
Poeziyanın əsas və ana mövzusu nədir…
Poeziyanın əsas və ana mövzusu, deyirlər ki, sevgidir. Sevgisiz həyat, yaşam olmadığı kimi, poeziyada, nəsrdə də məhəbbət əbədilik pasportu qazanıb. Qız (qadın) bu mövzunun mübtədası, oğlan (kişi) isə xəbəri hesab edilir. Sevgi ilə məhəbbət iki gəncin lal baxışlarının bədii təcəssümü, obrazıdır. Aman Allahım, bu iki kəlmə poeziyanı necə də ilahiləşdirir. Sanki qəm-kədərdən, dərd-möhnətdən yaranıb bu iki qol-boyun aşiq: sevgi-məhəbbət! Lirikanın özəlliklərindən biri də odur ki, o, sevginin, məhəbbətin, qəm-kədərin dilidir.
Qadınlar şairlərin ilk vəsf ünvanlarıdır, çünki ilham pərisi adlanırlar. Səbəblərinə toxunmayaq, bizim eldə deyildiyi kimi, “ tova, onda qan olacaq…”
İslam Əzimovun poeziyasında qadın ilahiləşmiş formada obrazlaşsa da, o, ilk növbədə anadır, bacıdır, sevgili canandır. Şair deyir ki, “Qadınlar öz ömrün belə yaşayir”:
Yüz ölçər, bir biçər addımın, izin,
Üfürə-üfürə içərlər suyu.
Eşidən nə deyər, görən nə deyər?!
Var yerin “qulağı”, “danışan” quyu,
Ananın öyüdü, atanın xofu,
Çevrilər çəpərə hər addımbaşı,
Bu olmaz…, o olmaz…, o biri olmaz,
Günün göy əsgiyə düyər qardaşı…,
Qadınlar öz ömrün yaşamayır ki.
***
Qəlbini göynədən sevdanın adın,
Yasaqdı…, dilinə gətirə bilməz.
Bir soyun alnını açıq eyləyən,
Bir qız vüqarıdır-itirə bilməz.
Bakirə bir adı qorumaq üçün,
İynə ulduzundan keçər qadınlar.
Ən böyük mükafat, ən böyük ödül,-
“Namuslu”- adını seçər qadınlar.
Qadınlar öz ömrün yaşamayır ki.
***
Gedər “Vağzalı”yla ərköyünlüyü,
Burda ev-eşiyin naxışı özgə.
Ana baxışından xumarlanana
Daha qaynanın baxışı özgə.
Qaynata hikkəsi, qayın hikkəsi,
Çalışıb, baldızın nazını çəkər.
Baş əyər taleyin şıltaqlığına,
Qismətin “çoxunu”, “azını” çəkər,
Qadınlar öz ömrün yaşamayır ki.
***
Çoxalır qayğılar körpə səsindən,
Balanın qadasın almağa hazır.
Çiçəkli bir həyat bəxş etmək üçün,
Özü yarpaq-yarpaq solmağa hazır.
Ömrü başda-başa dolanbac yolu,
Ucalmaq gözləyir, enmək gözləyir.
Axşamdan-səhərə kirpik yummamaq,
Qapıda heykələ dönmək gözləyir,-
Qadınlar öz ömrün yaşamayır ki…
Bu şeirindən də görünür ki, İslam müəllim vəznlərin hər birində özünü, qələmini və qəlbini sınaqdan keçirməkdən çəkinmir. Yuxarıda qəzəl, sonra səkkizlik (gəraylı) şeirlərindən nümunələr verdik. Qəfildən onun ana, qadın mövzulu sərbəst şeiri ilə qarşılaşdıq. Bu da o deməkdir ki, İslam müəllim, sadəcə, “şairəm, şeir yazıram”,-demir. O, poetik ricətlərdən yeri gələndə məharətlə istifadə edir ki, bu da oxucuda onun poeziyasına marağı artırır.
Yazıçılarla şairlərin fərqini izah edəndə ilk növbədə nəsrlə nəzmin müqayisəsini aparır ədəbi tənqidçilər. Deyirlər ki, poeziyanı nəsrdən fərqləndirən cəhətlərdən biri onun az sözlə, böyük mətləblər andırmaq məharətidir. Nəsrdə hər hansı qələmə alınan hadisə bir qalın kitaba sığmırsa, poeziyada, nəzmdə bunun əksini – bir bəndlik şeirə hikmətlərin yerləşdiyini görürük. Gəlin şairin təkbəndlərinə də diqqət ayıraq:
İnsanlar dilinin altda gizlənir,
Dindir, “için töksün”, yoz adamları.
Söz ölçü, söz meyar, söz tərəzidi,-
Endirir, ucaldır söz adamları.
***
Dön dünyaya bax, gözəldi,
İnsan könlü tox gözəldi.
Çox da doğru çox gözəldi,
Hər gözəl ki, doğru deyil.
***
Haqq yaman nazilib, üzülür, baba,
Ədalət tapdanıb, əzilir, baba!
Dünyanın düzəni pozulur, baba,-
“Su axıb, çuxurun…” yanından keçir.
***
Çəkinmə sərt olan payızdan, qışdan,
Tamahın ağlını almasın başdan!
Utanma, yıxılsan ağacdan, daşdan,
“Dilindən” yıxılsan, işin çətindir.
Budur bədii sözün həm hikməti, həm də mədəniyyəti. O, sərvətdir. Bircə bənddəki mətləbi anlsaq, dünyanı zərxaraya bələyərik.
Şairin yaradıcılığı ilə illərdir ki, yaxından tanışlıq mənə imkan verir ki, onun haqqında bir monoqrafiya həcmində məqalə yazım. Əlbəttə, ədəbi-bədii yaradıcılıq haqqında ilk növbədə tənqidçilər, ədəbiyyatçılar fikir söyləməlidirlər. Maraqlı və həm də acınacaqlısı odur ki, bu gün ədəbi tənqiddə də bir susqunluq hökm sürür. Yaxud ədəbi tənqid qalır bir yanda, söz, fikir təhlilçiləri başlayırlar mədhiyyəbazlığa. TV-lərdə bu sahədə sanballı bir proqram yoxdur ki, (dövri mətbuat, az qala, sıradan çıxmaq üzrədir) orada hansısa yaradıcı gəncin ədəbi dünyasından söz açılsın. Mədəniyyət və incəsənətlə bağlı şoular TV-ləri işğal edib: aparıcı kimisə yaxından tanıyırsa, fərq eləmir ki, onu xalq, ədəbi ictimaiyyət tanıyır, ya tanımır, başlayıblar bayağı tərifə. Həkimlərin reklamı yalan olub. Bu baxımdan ədəbi tənqidin yaddan çıxmasını söyləmək olardı.
Kəlbəcərdən gözəl diyar görmədim,
Nəzər saldım nə zamandı ha yana.
İslam Əzimovun ədəbi-bədii dünyasını özündə əks etdirən 3-4 kitabının adını çəkə bilərəm. Çünki müəlliflə isti münasibətim olmadığına görə, yaradıcılığının kitab ömründən xəbərim olmayıb. Əyalətdə yaşayıb, ölkədə tanınmağın çətinliyi bax budur. Bakıda əl boyda kitablara təm-təraqlı təqdimatlar, “imza günü” keçirirlər, lakin bölgələrimzidəki qələm, könül və söz adamlarının sanballı yaradıcılıq nümunələri “ kölgədə bəslənmiş quzey qarı” kimi qalıb “xarrıyır”. Bu baxımdan İslam Əzimovu bilmirəm ki, xoşbəxtlərdən sayaq, yoxsa, “yada düşməyənlər”dən. Məncə, “ Bu dər mənim taleyimdir” şairin ilk kitabıdır. Çünki Kəlbəcərindən əli üzülən hər kəs ən adi problemi də DƏRD kimi qalaqlamışdı ötən əsrin 90-cı illərində. Şairin kitablarından birinin də adına baxaq: “Özgə divarına daş olammıram”.
Bu yerdə elə həmin ağır illrədə qələmə aldığım bir qoşma yadıma düşdü. Bircə bəndinə baxsaq, bəs edər:
Kəlbəcərdən gözəl diyar görmədim,
Nəzər saldım nə zamandı ha yana.
Odu qalmaz hər doğulan övladın,
Yad ocaqda ha alışa, ha yana…
Mənə elə gəlir ki, İslam Əzimovun yaradıcılığında klassik aşıq şeirlərinə çox rast gəlinir ki, bu da ənənəyə sadiqliyin sübutudur. O, göz açdığı məkanda aşıq sənəti və poeziyasının daha çox geniş yayılması təsadüfi deyildir. Bu baxımdan şairin də poeziyasında təcnis, cığalı təcnis, divani, qoşma, gəraylı, müxəmməsin yer alması təbiidir. Nümunə üçün şairin bir cığalı təcnisinə baxaq:
Dillənəndə canan odur can ana,
Can qıyasan canın sevən canana,
Oğul deyər can, ana,
Yetişmişəm canana.
O cana canım qurban,
Hər sözümü can ana.
Sevincimə sən də sevin, can ana,
Yara qovuşdurdu Yaradan məni.
Gülüm, getmə, hicran qəlbim oyar aa…,
Budur sinəm, şübhən varsa, oy, ara.
Mənm aşiqəm o yara,
Hicran qəlbim oyar aa..!
İnanmasan sevgimə,
Yar sinəmi, oy, ara.
Tanrı məni qismət etdi o yara,
Qurtardı ağrıdan, yaradan məni.
Gözəl insan çəkməlidir nəsilə,
Tənha qalar dostluq edən nəs ilə.
Hörmətim var nəsilə,
Dostluq etmə nəs ilə.
Vaxtında gör işini,
İlin dönər nəs ilə.
İslam, qoyma işin qalsın nəs ilə,
Öyrədib deyərlər yara dan məni.
“Yazıpsı pozulmuş alın”…
İslam Əzimovun bilmirəm ki, bu şeiri “Yazısı pozulmuş alın” kitabındandır, yoxsa digərindən. Sevgiyə, nakam məhəbbət mövzusuna köklənmiş köhnə yazılarından birinə nəzər yetirək:
Bir nakam sevdaya məzardı qəlbim,
Hicrannan, həsrətdən yazardı qəlbim,
Acı doğrulardan bezardı qəlbim,-
Mənə şirin-şirin yalanlar danış.
Yoluna dikilmiş gözümü güldür,
Şəninə yazılmış sözümü güldür,
Barı, yalanınla üzümü güldür,-
Mənə şirin-şirin yalanlar danış.
Demə günah belə, günahkar belə,
Demə kor sevginin qisməti tələ.
Qoy elə bilim ki, sevirsən hələ,-
Mənə şirin-şirin yalanlar danış.
Yazıya pozu yox, olanı gördüm,
İslamam, açmamış solanı gördüm.
Düz olub, düzlərdə qalanı gördüm,-
Mənə şirin-şirin yalanlar danış.
İslam müəllimi ancaq şair kimi tanımaq, yaxud da tanıtmağa çalışmaq günah olardı. Qələm adamları tanıyırıq ki, ictimaiyyətdən uzaq saxlayır özlərini. Guya ki, onlar ayrı bir “planetin”, yaxud da “yeddinci qitə”nin adamlarıdırlar: xalqa, millətə, el-obanın xeyir-şərinə qarışmırlar. Lakin İslam Əzimov nə yaxşı ki, elələrindən deyil. Azərbaycanı ana vətən kimi sevə-sevə tərənnüm edən şair onun ictimai-siyasi həyatına da biganə qalmayıb. Xalqımızın və müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin ağır günlərində Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin arasında onun da haqq səsinin gur çıxması vətənpərvərliyindən, Ümummilli Liderin vaxtilə Kəlbəcərimizin erməni daşnaklarının təkidi, rəsmi Kremlin isə “kremli əli” ilə aradan götürülməsi, kəlbəcərlilərin aran yerlərinə köçürülməsi-deportasiyasının qarşısını aldığını yaxşı bilirdi. Ona görə də o, siyasi arenada sözünün keçərliliyini unutmadı. Ümummilli Liderin və sonrakı illrədə cənab Prezidentin siyasi kursunun fəal təbliğatçılarından biri kimi tanındı. Dəfələrlə o, Ulu Öndər və Azərbaycan Prezidenti ilə görüşdüyünü həyatının unudulmaz anları kimi xatırlatdı.
Azərbaycan poeziyasında Heydər Əliyev zirvəsi əbədiyaşarlıq qazanıb. Bu, İslam Əzimovun da yaradıcılığında özünün təsdiqini tapır. Şairin “Bir xalqın borclu olduğu soyad” kitabını vərəqləyib, oradakı bir-birindən dəyərli, siyasi motivli, xalq məhəbbətinin tərənnümünü oxuduqca bu xalqın yetirməsi, Ulu Öndər Heydər Əliyevin müasiri olduğu üçün adam qürur hissi keçirir. “Rəhmət Ulu Öndərə” yeddilik, yaxud da müxəmməsini oxuduqda İslam müəllimimin xalqımızın ağır günlərində özünü yetirən və xilaskar kimi tarix yaradan Ümummilli Lider Heydər Əliyevə sonsuz xalq məhəbbətini duyuruq:
Bölünmüş məmləkəti,
yurdu Vətən elədi.
Qoymadı parçalana,-
qurdu,Vətən elədi!
Ürəyini xalqına
verdi,Vətən elədi!
Döndərdi sinəsini
istehkama, səngərə,
Rəhmət Ulu Öndərə!
Hansı kürsüyə qalxdı,
dünyanı ram elədi!
Xalqın zülmətdə görüb,
cismini şam elədi.
Ömrün vəfası qədər,
nə etdi, tam elədi.
Bu azad məmləkətdə
min kərə, milyon kərə
Rəhmət Ulu Öndərə!
Dövlət adda sarsılmaz
bir qala hörüb getdi.
Yüz illik gələcəyi
günbəgün görüb getdi.
Bu xalqa İlham kimi
Sərkərdə verib getdi!
Oğul, ər oğul oldu,
O, qalib gəldi şərə!
Rəhmət Ulu Öndərə!
Bəlkə də müasirlərimiz olan az-az şairlərimizdən biri də İslam Əzimovdur ki, artıq Türk dünyasında poeziyası ilə sevilir, oxunur. Bu işdə şairin yaradıcılığına yaxından bələd olan türkdilli qələm dostlarının mənəvi dəstəyini danmaq olmaz.
Bu mövzuda şairin çoxlu şeirləri var. Respublika yaradıcılıq müsahibəsinin dəfələrlə qalibi olub. Daşkənt Universtetinin müəllimi, filologiya elmilər doktoru, professor Saodat xanım Muxamedovanın İslam Əzimovun şeirlərini özbək dilinə çevirərək, buraxdıqları kitabda dərc etdirməsi də qələm dostumuzun yaradıcılıq uğurlarından hesab olunmalıdır. Həmin şeirlərdən bəzilərini burada təqdim etmək yerinə düşərdi:
BƏŞƏRİN TƏRCÜMAN DİLİ SEVGİDİ
Dünyanın gövhəri, ləli sevgidi,
Bəşərin tərcüman dili sevgidi,
Həyatdan umduğum “dəli” sevgidi,
Başqa nəyi var ki, nə istiyim mən?!
Özbək dilinə tərcüməsi:
БАШАРНИНГ ТАРЖИМОН ТИЛИ СЕВГИДИР
Дунёнинг гавҳари, лаъли севгидир,
Башарнинг таржимон тили севгидир,
Ҳаётдан умидим “жунун” севгидир
Севгидан ўзга не бор, уни истасам?
EŞQ ÜÇÜN NALƏYƏ MƏN SUREYİ -RƏHMAN DEMİŞƏM
Bu xəstə könlümə mən vəslini dərman demişəm,
Lütfü haqqdan diləyib, canına canan demişəm
Bir mələk olduğunu sən də bilirsən ,bilirəm,
Əff elə qul xətasın, səhv edib ,insan demişəm.
Gözəllər içrə səni, kim görüb ,mehparə deyib,
Mən də mehparə bilib , eşqimi pünhan demişəm,
Soysalar, uff demərəm, canımı bir büsən üçün,
Çün özüm niyyət edib, canımı qurban demişəm
Abu-həyat kimidir İslama sevgi əzabın
Eşq üçün naləyə mən sureyi-Rəhman demişəm.
Özbək dilinə tərcüməsi:
ИШҚ УЧУН GOZ YAŞINA СУРАИ-РАҲМОН ДЕРМИШАМ
Бу хаста кўнглима мен васлингни дармон дермишам
Лутфни ҳақдан тиланиб, жонини жонон дермишам
Бир малак эканинг сен билурсен, мен билурмен,
Авф айла гул хатосин, тўғрила, инсон дермишам.
Гўзаллар ичра сени ким кўриб, моҳпора дер,
Мен de моҳпора билиб, ишқимни пинҳон дермишам
Сўйсалар жонимни, уф демасман, бир бўсанг учун,
Ҳар кун men ният қилиб ўзимни қурбон дермишам.
Oби-ҳаёт кабидир Ислaмга севги азоби
Ишқ учун goz yaşına сураи-Раҳмон дермишам
MƏN SƏNİN QƏLBİNƏ NECƏ YOL TAPIM?
(nəzirə)
Ey insan donunda görünən pəri,
Tanrı möcüzəsi – Allah əsəri,
Könlümün sınanmış ziyarət yeri,
Gül açar önündə tüfəngim, topum,-
Mən sənin qəlbinə necə yol tapım?!
Açılan sübhüm ol, “dan”ına qurban,
Qəbul et, gəlmişəm yanına -“qurban”!
Canımla bir yerdə canına qurban,-
Bu evim, eşiyim, bu bacam, qapım,-
Mən sənin qəlbinə necə yol tapım?!
Burda yenilən yox, bu savaş deyil,
“Elçi oturmalı – daş”- o daş deyil!
Qınama, sən Allah, yaş o yaş deyil,-
Minib ağ atımı, dördnala çapım
De görüm, qəlbinə necə yol tapım?!
Özbək dilinə tərcüməsi:
МЕН СЕНИНГ ҚАЛБИНГГА ҚАНДАЙ ЙЎЛ ТОПДИМ?!
Эй инсон рангида кўринган пари,
Тангри мўъжизаси, Оллоҳ асари.
Кўнлимнинг сиғинмиш – зиёрат жойим,
Гуллайди қўлимда ҳатто қуролим,-
Мен сенинг қалбингга қандай йўл топдим?!
Очилган субҳим бўл, “Дон”ина қурбон,
Қабул эт, келмишди ёнингга – “қурбон”
Жонимла бир ерда жонингга қурбон-
Бу уйим, бу – ишқим, бу -болам, эшигим,-
Мен сенинг қалбингга қандай йўл топдим?!
Бу ерда енгилган йўқ, бу уруш эмас,
“Элчи ўтирган тош” – бу тош эмас,
Қийнама Исломни, энди ёш эмас…
Миниб от отимни тўрт томон чопдим,-
Менимча, қалбингга энди йўл топди.
OLASAN
Nə ola ki, gözəlim, halıma yanan olasan,
Sözü eyhamla deyəm, mətləbi qanan olasan.
Yoxdu başqa diləyim, təkdi təmənnam Xudadan,
Tanrının lütfü ilə canıma canan olasan.
Sevəsən, seviləsən, eşq ilə pərvazlanasan,
Həm ürəkdən güləsən, həm könlü xəndan olasan.
Elə bir gün gələ ki, əqlini başdan çıxaram,
Bitə dilində adım, sən tuti-zəban olasan.
Dözməyib həsrətinə, İslama qonaq gələsən,
Gecəsin nur eləyib, bir mahi-təban olasan.
Özbək dilinə tərcüməsi:
BULASAN
Не бўларки, гўзалим, ҳолимга меҳрибон бўласан,
Киноя бирла аҳволимни десам, не ҳайрон бўласан.
Йўқдир бошқа тилагим, ягона ўтинчим Худодан,
Тангрининг лутфи ила жонимга жонон бўласан.
Севасан, севиласан, ишқ ила парвоз қиласан,
Ҳам юракдан куласан, ҳам кўнгли хандон бўласан.
Бир кун келар, ақлу ҳушингни оламан,
Тилингда фақат менинг отим, сен тўти забон бўласан.
Тўзмайсан ҳасратдан, Исломга қўноқ бўласан,
Кечасин нурга тўлдириб, бир моҳи тобон бўласан.
“Sözü ürəyimdən dərib yazıram”
Maraqlı deyimdir: “Sözü ürəyimdən dərib yazıram”. Bəh! Bəh! Bəh! Sözlərin bənzərliyinə baxın: gül-çiçək, həm də baharda açılan çağı:
Amalım, niyətim çiçək qoxuyur,
Mən bahar adamı, yaz adamıyam.
Kimin ki könlündə vətən eşqi var,
Bax, onun doğması, öz adamıyam.
Bir qəlbi, bir könlü qıran olmadım,
Özgə kölgəsində duran olmadım,
Çöp altda dəyirman quran olmadım,
Əzəldən Allahın düz adamıyam.
Haqqı haqq yerində görüb yazıram,
Sözü ürəyimdən dərib yazıram,
İlahi sevgiyə tərif yazıram,
İslamam, şair yox, söz adamıyam.
Deyəsən, hələ bu abzasta qədər şairin sevgi çələngi toxuyan şeirlərinə münasibət bildirməmişəm. Nə böyük günah! Gözəlliyin tərənnümü bineyi-qədimdən şairlərin əbədi mövzusudur. Yazdıqları ünvanına yetsə də, yetməsə də, şair qəlbinin ritmi deyilir belə duyğulu lirik parçalara. Hələ gənclik illərimizdən şairin eşitdiyim şeirlərindən biri də “ Dəyər sənə” rədifli qoşması idi. O, burada sevgini nəinki dilə gətirməyin günah olduğunu deyir, həm də onun bədnəzərlərdən qorunmasını istəyir. Bax, məncə, əsl sevgi də elə budur:
Bihuş eləmisən kəlməni, sözü,
Qorxuram vəsfimdən söz dəyər sənə.
Tanrının nəzərdən xəbəri yoxdur,
Duz dola başına, göz dəyər sənə.
Suyun könüllərə axdı, bilirəm,
Aşiqin, heyranın çoxdu, bilirəm.
Tərif umacağın yoxdu, bilirəm,
Yaradan veribdi yüz dəyər sənə.
Hüsnünə qurbanam, nəzirəm özüm,
Bu hüsnün rəssamın gəzirəm özüm.
Sevgi dastanını yazıram özüm,
Kim verər İslamtək, qız, dəyər sənə?!
İslam müəllimin hansı şeirinə baxsaq, orada mütləq sevgi duyğularını hiss eləyərik. Bu da ondan irəli gəlir ki, şairin qəlbi sevgi ümmanıdır. Onu poeziya dilinə çevirib sevdiyi, ilahiləşdirdiyi könüllərə paylayır. “Qurduğun xəyalın şəkillərin çək” şeiri də bu qəbildəndir. Baxaq görək, şair kimə ünvanlayıb bu lirik duyğularını:
Gözləri yol çəkən baxışlarının,
Qurduğun xəyalın naxışlarının,
Həsrətin, hicranın göz yaşlarının
Şəkilini gizlincə çək dönə-dönə,
Göndər, röyaların gətirsin mənə.
Hissimi söz edib, deyəmmir dilim,
Elə çək, arzunun rəngini bilim.
Məhbus yaşadığım könlünün, gülüm,
Şəkilini gizlincə çək dönə-dönə,
Göndər, röyaların gətirsin mənə.
Həyatın qəribə qanunları var,
Günahsız adımı qoyma biilqar.
Qarğışın, alğışın, nə niyyətin var,
Şəkilini gizlincə çək dönə-dönə,
Göndər, röyaların gətirsin mənə.
Ayrılıq, hicran hər bir qəlbin ağrısı-acısıdır. O da ola ki, şair bunu yaşasın. Əslində, şairlərin qəlbi incidilməyincə, vüsala tamarzı qalmayınca qələmin boyuna belə mövzulu şeirlər biçilmir. İslam müəllimin də şeiriyyətində bu mövzu aktuallığını saxlamaqdadır. Atalar deyib: ”Yüz dəfə eşitməkdənsə, bircə dəfə görmək bəs edər”: “Sən bu ayrılığa yaman tələsdin” şeirinə də nəzər salaq:
Gəldin həyatıma talisman kimi,
Yazıldın ömrümə, şirin an kimi,
Sevildin ruh kimi, sevdin can kimi,
Bəs nədən incidin, bəs niyə küsdün,-
Sən bu ayrılığa niyə tələsdin?!
Könlün mənimiydi – pirim deyirdim,
Sənə “tək olanım, birim” deyirdim.
Adına “ziyarət yerim” deyirdim
Ümidə uzanan əlimi kəsdin,-
Sən bu ayrılığa niyə tələsdin?!
Gecikmə, gedirsən, zamanında get,
Ta olma qayıtmaq gümanında, get!
Get, gülüm, Allahın amanında get,
Demədin İslamla nəyidi qəsdin,-
Sən bu ayrılığa niyə tələsdin?!
Həmin mövzuda olan daha bir şeirində şair sevənlərin tale yazan olmadığını nəzmə çəkir və etirafı çox səmimidir, “Nə mən, nə sən tale yazan deyilik” şeirini nəzərdə tuturam. Bu şeirində də İslam Əzimov Tanrının yazdıqlarına və bəxtə inandığını əsaslandırmaq məramı daşıyıb:
Bu köç deyil, yurddan yurda daşıyaq,
Ləkə deyil, yuyaq, silək, qaşıyaq.
Bu taledir, məhkumuq ki, yaşıyaq,
Nə mən, nə sən tale yazan deyilik.
Alın yazın gəlmədisə xoşuna,
Dərd eləmə ürəyinə, başına,
Azca yüyür, azca yıxıl boşuna,
Nə mən, nə sən tale yazan deyilik.
Qurma bəxtin ilə yarış, ay İslam,
Aqil tap, arif tap, soruş, ay İslam,
Barış, qismətinlə, barış, ay İslam,
Nə mən, nə sən tale yazan deyilik.
Nədənsə, bu arada xəyallandım, gənclik illərim, kəlbəcərli günlərimiz yadıma düşdü. İslam müəllimin şeirlərini yalnız sevimli oxucuları deyil, orada yazıb-yaradan şairlərimiz də əzbər bilirdi. Bir dəfə “Dəlidağın nəğmələri” ədəbi birliyin yığıncağında rəhmətlik Yaqub cabbarov üzünü İslam Əzimova tutaraq yarızarafat-yarıgerçək dedi:
– Dindirməyincə dillənməyən, şeir deməyə o qədər də həvəsli görünməyən, yığıncaqlarda dinləməyi sevən, dodağı dodağının üstündən tərpənməyən İslam Əzimovun bir şeiri var ey: “Dodağını yeyən qız”, bilirsiz necə gözəl tərənnümdür. Xahiş edirəm ki, onu burada söyləsin. Yaqub müəllim özü həmin şeiri əzbərdən dedi, İslam müəllim də təşəkkürünü bildirdi. Budur həmin şeir birdən yadıma düşdü:
İkimiz bir qatarda
Yol gedirik lal kimi.
Sərmisən saçlarını
Kürəyinə şal kimi.
Qoyub dodaqlarını
Dişinin arasına,
Şirin-şirin yeyirsən
Qaymaq kimi, bal kimi.
Baxışlarım ilişib,
Yanağında qalıbdı.
Qız həyası alnından
Tərdən cığır salıbdı.
Sehirləmisən məni,
Bilməm nə deyim sənə,
Yediyindən bir az da
Mən fəqirə versənə…
Vəfa, etibar, inam, səmimiyyət ali insani keyfiyyətlərdəndir. Yaradanın qüdrəti-qələmi ilə yer üünə gəlib, canlıların əşirəfi sayılan insan övladı bu xarakteri özündə formalaşdırmaq haqqında düşünüb-düşünmədiyini demək o qədər də asan deyil. Lakin hər birimiz qarşıdakından bunları umuruq.
İslam müəllimin bərdəlilərə bir vəfa borcu varmış. Mən təxmini hiss edirəm ki, o borcu dilə gətirməyin özü bir alicənablıqdır. Kəlbəcərimizin işğalından sonra kəlbəcərlilərin hərəsi bir yana üz tutdu. Heç kim bilmirdi ki, bu qaçaqaçın bir geri dönüşü olacaq, yoxsa-yox. Aran elləri, xüsusən də ulu Gəncə ilə Nüşabənin yadigarı – yazı da, qışı da gül-çiçək olan Bərdə kəlbəcərlilərə də sığınacaq yeri oldu, ana qucağı kimi. Şair buna görə bərdəlilərə bir vəfa borcu olduğunu unutmayıb və şeirlərinin birində onu bax beləcə, səmimiyyətlə etiraf edib:
Razıyam, dağlar qədər,
Bu eldən, bu obadan,
Hər nurani nənədən,
Hər pirani babadan,
Gəncləri güvənc yerim,
Dəli-dolusu arxam,
Ən çətin anlarımda
Qoymadılar, darıxam,
Bir yol qəribsəmədim…
Bala bildim, körpəsin,
Qızın-gəlinin, bacım,
Şirini şirnim oldu,
Acısı oldu, acım,
Sevincinə sevinib,
Kədərinə alışdım,
Doğmalaşıb beləcə,
Mən bu elə qarışdım.
Bir yol qəribsəmədim.
Girov-əsir kəndimiz
Hər düşəndə yadıma,
Bir toydan, bir düyündən,
Dəvət gəldi adıma,
Beləcə yoldaş oldum
Ağlıyana, gülənə
Qoşuldum, sevincindən,
Mən də pay bölənə,
Bir yol qəribsəmədim.
Hər yanda qarşı gəldim,
Ehtirama, xətirə,
Bu elə olan borcum,
Sığmaz şe’rə, sətirə,
Qayğısını kürk edib,
Kürəyimə geyindim,
Bərdə adı gələndə,
Qürur duydum, öyündüm,
Bir yol qəribsəmədim.
Bu gün – ”qələmə sarılıb” şairəm deyib, cızma-qara yazanların əlindən ədəbiyyatımızıın səhifələrini “alaq otu” basdığı bir dövrdə poeziyanın dəyərini artıran, layiq olduğu qiyməti verdirənlərimizi barmaqla saymaq olar. Belə qələm adamlarının yaradıcılıq nümunələrinin təbliğində sosial medianın rolunu danmaq olmazdı. Çünki, qəlboxşayan poetik, lirik düşüncələrin musiqili, bədii qiraətlə səsləndirilməsində internet resurslarından yetərincə bəhrələnilir. İslam müəllimin də poeziya nümunələri bax belə səsləndirilənlər arasındadır. Bu da onu göstəriri ki, bu sahənin mütəxəssisləri həmin şeirlərdə nəsə tapırlar, onları dilləndirir ki, musiqinin müşayiəti ilə səsləndirməklə həm özlərini, həm də şeirin müəllifini tamaşaçı, oxucu, dinləyici, izləyicilərə tanıdırlar.
“Bir dastanlıq” nağıllı gecə…
Mən yazı-pozularına münasibət bildirdiyim qələm dostumun şeirlərinin də bu sıradan kölgədə qalmadığını görüb çox sevindim. İslam Əzimovun poeziyasına həsr edilən videoroliklərdən görünür ki, şair eloğlum sevilən qələm sahiblərindəndir.
Deyəsən, ilin-günün bu çağında – qışla payızın ayrılıq dəmində, nağıllı-noğullu gecələrimizdə “bir dastan danışdım”, yazdım sizlər üçün. Vaxtınızı halal edin, əziz poeziyasevərlər. Bəlkə də İslam Əzimovun poeziya nümunələri olmasaydı və mən onlarla baş-başa qalmasaydım, Kəlbəcərimizin qışının həsrətinə boylana-boylana qalıb, ora yenə də necə gözəl: “papaq-papaq qar yağır” – həsrətini nidaya çevirəcəkdim. İstərdim ki, qəlbləri oxşayan lirik düşüncələrindən ayrıla bilmədiyim şairimizə bundan sonra da kəlbəcərli günlər, orada yazıb-yaratmaq kimi müqəddəs arzumu bildirib, onun ömür-gün yoldaşına həsr etdiyi şeirlə yazıya nöqtə qoyum:
Ay hirsi, qəzəbi, nazı gülməli,
Sayım, sadalıyım, sən denən:-Bəli,
Məni sənin qədər incidən “dəli”,
Səni mənim kimi sevən olmadı…
Fikir dəniz, mən qayıq,
Üzəmmirəm sahilə.
Pəncərənin önündə
Dönürəm susuz gülə,
Sən evdə olmayanda.
Bəzən bənövşə kimi,
Lap bükürəm boynumu.
Köks ötürrəm, qollarım
Qıfıllayır qoynumu,
Sən evdə olmayanda.
Evdən gah ac çıxıram,
Gah gecikirəm işə.
Hec nədən uyumuram,
Həsrətəm nəvazişə,
Sən evdə olmayanda.
Sanki qaynayan çayım
Pıçıldayır adını,
Ən ləziz yeməyimiz
İtirir öz dadını,-
Sən evdə olmayanda.
Yuxu getmir gözümə,
Yatammıram qəhərdən.
Elə bil ki, gecələr
Borc alırlar səhərdən.
Sən evdə olmayanda.
Fikir dəniz, mən qayıq,
Üzəmmirəm sahilə.
Pəncərənin önündə
Dönürəm susuz gülə,
Sən evdə olmayanda…

Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı tədqiqatçı jurnalist, Ç.Aytmatov adına “Altun kalem” beynəlxalq ödülün laureatı, “Yenilik-press” qəzetinin baş redaktoru
Subyekt.az