![]()
6 dekabr 2024-cü il tarixdə rayonun Birinci Nügədi kəndində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 76 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin və Ombudsmanın Şimal regional Mərkəzinin rəsmi şəxsləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Azərbaycanda insan hüquqları institutunun müasir əsaslarla inkişafı və insan hüquqları sahəsində köklü islahatların Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun insan hüquq və azadlıqlarına yeni yanaşmanı təqdim etdiyi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni mərhələnin başlanğıcını qoyması, respublikamızda dövlət quruculuğu sahəsində yeni imkanların açılması qeyd olunmuşdur. Vurğulanmışdır ki, artıq bir neçə ildir ki, İnsan Hüquqları Gününü qalib dövlətin qürurlu vətəndaşları kimi qeyd edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan ərazilərimizi azad etməsi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpa olunması ilə həm də tarixi ədalət, pozulmuş beynəlxalq hüquq normaları və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş fundamental insan hüquqları və azadlıqları da bərpa olunmuşdur.

Subyekt.az