![]()
Leyla Bədirbəyli öz gözəlliyi, mərdliyi, sədaqəti və əməksevərliyi ilə səciyyələnən Azərbaycan qadınının canlı təcəssümü kimi kino tariximizdə silinməz izlər qoymuşdur.
Heydər Əliyev, Ümummilli lider
Leyla Bədirbəyli 1920-ci ilin yanvar ayının 8-də Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Leyla xanım Azərbaycan Dövlət Akademik Dram Teatrının kollektivinə daxil olur. Leyla Bədirbəylinin Azərbaycan Dövlət dram teatrı səhnəsindəki ilk çıxışı Xalq yazıçısı Mirzə İbrahimovun “Məhəbbət” pyesinin tamaşasındakı Zəhra rolu olur. Sonra isə o, A. N.Ostrovskinin “Tufan” pyesində Qlaşa rolunu məharətlə ifa edir. Daha sonraLeyla xanım bir-birinin adınca Ə. Haqverdiyevin “Pəri-cadu” pyesində Pəri; Səməd Vurğunun “Vaqif”ində Gülnar və Xuraman; “Xanlar”ında Mehriban; C. Cabbarlının “Solğun çiçəklər”ində Sara; “Almaz”ında Almaz; R. Rzanın “Qardaşlar”ında Ləman; Ə. Məmmədxanlının “Şərqin səhəri”ndə Dilarə; “Od içində” pyesində Pərvanə; İ. Əfəndiyevin “İşıqlı yollar”ında Lalə; “Atayevlər ailəsində” Mehriban; S. Rəhmanın “Xoşbəxtlər”ində İnci, “Əliqulu evlənir”də Qumral; “Kəndçi qızı”nda Göyərçin; Hüseyn Cavidin “Şeyx Sənan”ında Zəhra; İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” pyesində Anjelika və başqa rolları məharətlə ifa edir. 1945-ci ildə Rza Təhmasib tərəfindən çəkilmiş “Arşın mal alan” filmində Gülçöhrə rollarını ifa etmişdir. Leyla Bədirbəylinin yaratdığı Gülçöhrə obrazı aktrisanın ən böyük müvəffəqiyyəti olmuşdur. Leyla xanıma bu rola görə SSRİ Dövlət Mükafatı verilmişdir. Bu filmdən sonra o, “Görüş” – Bilqeys; “Onun böyük ürəyi” – Xalidə, “Kölgələr sürünür” – Leyla; “Fətəli xan” – Tutti Bikə; “Koroğlu” – Nigar və “Sevil” film-operasında Tafta rolunda çəkilir. Leyla Bədirbəylinin Azərbaycan incəsənətinin inkişaf etdirilməsi sahəsindəki xidmətləri yüksək qiymətləndirilərək, “Azərbaycan SSR Əməkdar Artisti” (1949), “Azərbaycan SSR Xalq Artisti” (1959) fəxri adı verilmişdir. Filmoqrafiya: Arşın mal alan (film, 1945), Aygün (film, 1960), Bizim küçə (film, 1961), Bizim küçənin oğlanları (film, 1973), Böyük ömrün anları (film, 2006), Çarvadarların izi ilə (film, 1974), Dəcəl dəstə (film, 1937), Dəli Kür (film, 1969), Dərviş Parisi partladır (film, 1976), Yeddi oğuldan biri (film, 2007), Fətəli xan (film, 1947), Gəmi saatının sirri (film, 1983), Gilas ağacı(film, 1972), Görüş (film, 1955), Günlərin bir günü (kinoalmanax, 1976), İntizar (film, 1970) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az