![]()
1994-cü ildə Beynəlxalq Mülki Aviasiya haqda Konvensiyanın imzalanmasının 50 illiyi ilə əlaqədar olaraq 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən 7 dekabr tarixi Beynəlxalq Mülki Aviasiya Günü elan olunub. Bakıda ilk uçuş 1923-cü ildə həyata keçirilib. 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılıb ki, bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Bakı şəhərinin üzərindən ilk təyyarə 20 oktyabr 1910-cu il tarixində uçub. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4” sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurub, sonra isə alqışlar altında yerə enib. Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il tələb olunub. 1923-cü ildə “ZAKAVİA” Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. Artıq 1923-cü ilin aprel ayında “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib, iki il sonra isə Keşlədə aerodrom tikilib və mülki “Hava stansiyası” yaradılıb. 1926-cı ildə Mineralnıye-Vodı–Qroznı–Mahaçqala–Bakı–Yevlax–Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıb. Sovet İttifaqı dağıldıqdan sonra mülki aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoyulub. Bu, aviaparkı müasir “Boeing-757” təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verib. Növbəti illərdə “Naxçıvan” beynəlxalq hava limanı, “Gəncə” beynəlxalq hava limanı və “Zabrat” hava limanında yeni təyyarə vağzalının binası istismara verilib. 2008-ci ildə “Lənkəran” və “Zaqatala” beynəlxalq hava limanları açıldı. Hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan və Bakı-Qəbələ marşrutları üzrə uçuşlar yerinə yetirir. “Azərbaycan Hava Yolları” QSC Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014- cü ildə uzaq uçuş məsafəsinə malik olan “Boeing” təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır. İndi “Azərbaycan Hava Yolları” QSC Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur. “Azərbaycan Hava Yolları” QSC həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən birisayılır.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az