![]()
Quba Tarix-Diyarşünaslıq Muzeyində 27 Sentyabr – Anım Gününə Həsr Olunmuş Tədbir Keçirildi
27 Sentyabr – Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə Quba Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə şəhid ailələri, qazilər, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan xanım, rayon icra hakimiyyətinin nümayəndələri, məktəb şagirdləri, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə Firəngiz Sabirqızı və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbiri Quba Tarix-Diyarşünaslıq Muzeyinin müdiri , Şəhid Rəvan Əliyevin anası Mehriban xanım açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqdan danışdı. O qeyd etdi ki, şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulacaq və bu kimi tədbirlər onların adını yaşatmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan xanım çıxışında şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açdı. O bildirdi ki, Vətən müharibəsi Azərbaycanın gücünü, xalqımızın birliyini və əyilməz iradəsini bir daha sübut etdi.
Tədbirdə Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Firəngiz Sabirqızı da çıxış edərək Qubalıların qəhramanlığından və vətənpərvərliyindən söz açdı . O, şəhid analarının, ailələrinin qürur və hüzn dolu hisslərini poetik dillə ifadə edərək tədbir iştirakçılarına duyğulu anlar yaşatdı.
Qazilər və şəhid ailələrinin üzvləri də çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışdılar.
Məktəb şagirdlərinin ifasında Vətənə, şəhidlərə və Qələbəyə həsr olunmuş şeirlər , şəhidlərə həsr olunmuş bədii kompozisiyalar tədbirə xüsusi rəng qatdı. İştirakçılar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonda tədbir iştirakçıları muzeydə yaradılmış və Vətən müharibəsinə həsr olunmuş guşə ilə tanış oldular. Burada şəhidlərə aid fotoşəkillər, şəxsi əşyalar və müharibə ilə bağlı materiallar sərgilənirdi.
Bu cür tədbirlər bir daha sübut edir ki, xalqımız qəhrəman övladlarını unutmur və onların əziz xatirəsini daim yaşadır.

.

.

.

.

.
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Firəngiz Sabirqızı
Subyekt.az