![]()
Bu gün Azərbaycan xalqı Cəbrayıl şəhərinin azad olunmasını təntənəli surətdə qeyd edir. 2020-ci il oktyabrın 4-nü yalnız tarixi bir hadisəni xatırlatmaq demək deyil. Bu gün həm də regionun gələcəyə inamının bir simvoluna çevrilməsi deməkdir.
Cəbrayılın azad olunması Azərbaycanın milli iradəsinin, birliyinin və dövlətçiliyə bağlılığının bariz nümunəsidir.
Bu tarixi zəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə mümkün oldu. Ali Baş Komandanın 4 oktyabr 2020-ci ildə xalqa müraciəti zamanı Cəbrayıl şəhərinin azad edilməsi xəbəri bütün ölkə əhalisi tərəfindən böyük sevinclə qarşlandı. Bu hadisə xalqda böyük ruh yüksəkliyi yaratdı. Bu xəbər yalnız bir rayonun azad olunması deyil, eyni zamanda, uzun illər işğal altında qalmış torpaqlarımızın azadlığına doğru aparan yolun başlanğıc nöqtəsi idi. Cəbrayılın azad edilməsi xalqımızın sarsılmaz iradəsinin, ordumuzun peşəkarlığının və dövlət başçısının qətiyyətli liderliyinin parlaq təzahürü idi.
Bu qələbənin əhəmiyyətini əbədiləşdirmək məqsədilə 26 noyabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Həmin medal Vətən uğrunda canını əsirgəməyən qəhrəman hərbçilərimizin şücaətinin dövlət səviyyəsində tanınması və tarixə həkk olunması demək idi. Beləliklə, Cəbrayıl uğrunda savaş Azərbaycan qəhrəmanlığının simvoluna çevrildi.
Həmin ərəfələrdə ən mühüm hadisələrdən biri isə əsrlərin şahidi olan Xudafərin körpüsündə Azərbaycan bayrağının qürurla dalğalanması oldu. Bu mənzərə yüzillərlə yaddaşımızda qalan bir an idi – o an tarixi ədalətin bərpası, milli ləyaqətin və suverenliyin təntənəsi idi. Xudafərin üzərində dalğalanan üçrəngli bayraq həm Vətən müharibəsinin rəmzi, həm də xalqımızın əyilməz ruhunun göstəricisi kimi tarixə düşdü.
Vətən müharibəsindən sonra Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Qısa müddət ərzində infrastruktur layihələri – yollar, körpülər, enerji xətləri, məktəblər, xəstəxanalar və yaşayış massivləri inşa olunmağa başladı. Prezident İlham Əliyevin dəfələrlə Cəbrayıl rayonuna etdiyi səfərlər bu ərazilərin dirçəldilməsinə, onların yenidən həyat məkanına çevrilməsinə dövlət səviyyəsində verilən xüsusi diqqətin bariz nümunəsidir.
Bu gün Cəbrayıl azadlığın, yenidənqurmanın və milli həmrəyliyin simvoluna çevrilib. Azad edilmiş torpaqlarda aparılan işlər yalnız dağıdılmış rayonun bərpası deyil, həm də Azərbaycanın gücünün, inkişaf iradəsinin və gələcəyə inamının göstəricisidir.
Tarixi qələbənin, mübarizənin və bərpanın simvolu olan Cəbrayıl Şəhər Günü, Azərbaycan xalqının iradəsi və ordunun qəhrəmanlığı sayəsində dövlətçiliyimizin əbədi göstəricisinə çevrilmişdir. Bu gün həm də gələcəyə inamı artırır, azadlıq və rifah uğrunda mübarizənin nə qədər vacib olduğunu bir daha xatırladır.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Milli Majlis
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Subyekt.az