![]()
Sabah Azərbaycanda minlərlə məktəbli həyatlarının ən yaddaqalan mərhələlərindən biri olan “Son Zəng” sevincini yaşayacaq. Lakin builki mərasimi əvvəlki illərdən fərqləndirən ən mühüm məqam işğaldan azad edilmiş ərazilərdə yenidən fəaliyyətə başlayan təhsil ocaqlarının da bu möhtəşəm günə qoşulmasıdır. Bu, təkcə bir məktəb bayramı deyil, həm də tarixi ədalətin, qayıdışın və milli ruhun təntənəsidir.
Bu mənada Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin taleyi xüsusi diqqət çəkir. Məktəb 33 illik fasilədən sonra ilk və hazırda yeganə məzununu həyata yola salır. Həmin məzun Atakişiyeva Nəzrin Seyfəddin qızıdır.
Nəzrin üçün sabah səslənəcək “Son Zəng” adi məktəb mərasimi deyil. O, otuz üç il ərzində doğma yurduna, məktəbinə və bu günün sevincinə həsrətlə baxan minlərlə kəlbəcərlinin arzularının rəmzinə çevrilib. Onun məzun olması yalnız şəxsi uğur deyil, bütöv bir nəslin və doğma torpağa qayıdışın simvolik ifadəsidir. Bu hadisə Azərbaycan təhsil tarixində və Kəlbəcərin yenidən dirçəliş salnaməsində özünəməxsus yer tutur.
Məktəbin dəhlizlərində bəlkə də tək addımlayan Nəzrin, əslində, böyük bir xalqın ümidini və inamını daşıyıb. O, səbrin, əzmkarlığın və gələcəyə inamın təcəssümünə çevrilərək öz adı ilə yanaşı, doğma məktəbin tarixində də yeni bir səhifə açır. Bu baxımdan sabah çalınacaq zəng bir ayrılığın deyil, yeni başlanğıcların, yenidən qurulan həyatın və gələcəyə inamın sədası kimi qiymətləndirilməlidir.
Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru Vəsilə Cəfərovanın rəhbərliyi ilə məktəbin pedaqoji kollektivi də bu əlamətdar gün münasibətilə təbrikə layiqdir. Çətin və məsuliyyətli şəraitdə həyata keçirdikləri fəaliyyət, təhsilin bərpasına və gələcək nəslin yetişdirilməsinə verdikləri töhfə yüksək qiymətləndirilməlidir.
Nəzrin Atakişiyevaya gələcək həyatında yeni-yeni uğurlar, elm və təhsil yolunda böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, onun bu tarixi missiyası gələcək nəsillər üçün həm ilham mənbəyi, həm də vətənə bağlılığın ən gözəl nümunələrindən biri olacaq.

Rövşən Hüseynli
Subyekt.az