![]()
12 Noyabr Azərbaycanda Konstitusiya Günü ilə bərabər, dövlət müstəqilliyinin bərpasından sonra ilk parlament seçkilərinin keçirildiyi gün kimi tarixə düşüb. 1995-ci ilin 12 noyabrında seçicilər ilk Konstitusiyaya səs verməklə yanaşı müstəqil Azərbaycanın ilk Milli Məclis üzvlərini də seçdilər.
Subyekt.az Musavat.com-a istinadən bildirir ki, 1995-ci il 12 noyabr Azərbaycanda müstəqillik tarixinin iki mühüm siyasi hadisəsi baş verib. Həmin gün ölkənin ilk Konstitusiyası ümumxalq səsverməsinə çıxarıldı və müstəqilliyin bərpasından sonra ilk parlament seçkiləri keçirildi.
Yeni Konstitusiyaya və 1995-ci ildə qəbul edilmiş seçki qanunvericiliyinə əsasən, Milli Məclisin 125 deputatdan ibarət formalaşdırılması tələbi var idi. Lakin burada bir tarixi dəqiqləşdirməyə ehtiyac var: 12 noyabrda bütün deputat yerləri üzrə seçki prosesi yekunlaşmamışdı. Bir sıra dairələrdə ikinci tur və təkrar seçkilər keçirildiyindən parlamentin tam formalaşması 1996-cı ilin fevralınadək davam etdi.
1995-ci il parlament seçkiləri qarışıq seçki sistemi (majoritar və proporsional) əsasında təşkil edilmişdi. 100 deputat birmandatlı seçki dairələrindən majoritar sistemlə, 25 deputat isə siyasi partiyaların siyahıları üzrə proporsional sistemlə seçilirdi.
Proporsional sistem üzrə seçkilərdə səkkiz siyasi partiyanın siyahısı iştirak edirdi. Partiyaların parlamentdə təmsil olunması üçün 8 faizlik seçki baryeri müəyyən edilmişdi.
Parlamentdə siyasi qüvvələrin nisbətinə gəlincə, Birinci çağırış Milli Məclisin formalaşmış tərkibində hakim Yeni Azərbaycan Partiyası 53, Azərbaycan Xalq Cəbhəsi Partiyası 4, Azərbaycan Milli İstiqlal Partiyası 4, Azərbaycan Demokrat Partiyası 2, Azərbaycan Demokratik Sahibkarlar Partiyası 2, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Ana Vətən Partiyası 1, Vətəndaş Həmrəyliyi Partiyası 1, Müsavat Partiyası 1 deputatla təmsilçilik hüququ qazanmışdı. Bitərəf deputatların sayı isə 55 nəfər idi.
Beləliklə, Yeni Azərbaycan Partiyası parlamentdə ən çox deputatla təmsil olunan siyasi qüvvə idi. Eyni zamanda, bitərəf deputatlar da parlament tərkibində əhəmiyyətli yer tuturdular.
12 noyabr seçkilərində formalaşmış Birinci Çağırışı Milli Məclisin ilk sədri isə Rəsul Quliyev olub. O, 1996-cı il sentyabrın 11-dək bu vəzifəni icra edib. Həmin ilin oktyabrında isə Murtuz Ələsgərov parlamentin sədri seçilib.
1995-ci il parlament seçkiləri beynəlxalq müşahidəçilərin də diqqət mərkəzində olub. Həmin seçkilər Azərbaycanın müstəqillik tarixində həm yeni parlament institutunun formalaşması, həm də seçki sisteminin inkişafı baxımından mühüm hadisə hesab olunur. Bu seçkilər nəticəsində formalaşan Milli Məclis Azərbaycanın qanunvericilik sisteminin yeni Konstitusiya əsasında qurulmasında, dövlət institutlarının möhkəmləndirilməsində və müstəqil dövlət quruculuğu prosesində mühüm rol oynadı.
Etibar Seyidağa,
Subyekt.az