
Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti-xətti ilə seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri, həyat eşqi, azadlıq vəmüstəqillik duyğuları ilə aşılanmışdır.
Biz bir tamın hissələriyik, bir dəryanın damlalarıyıq.Taleh hərəmizi bir tərəfə, başqa-başqa diyarlara səpələyib. Gah müxtəlif dövrlərin repressiyaları, gah da bir parka çörək dərdi bəzilərini ömürlük Vətən həsrətinə mübtəla etmişdi. Sosializmin “dəmir pərdə”ləri sərhədləri kəsdikdən sonra uzun illər boyu doğmalar bir-birlərindən gen düşdülər. Məktublaşmaq, telefon əlaqəsi saxlamaq belə yasaq olunmuşdu. “Xaricdə yaşayanım yoxdur” kəlməsi tərcümeyi-halımızın ayrılmaz hissəsinə çevrilmişdi. Xaricdə doğması və qohumları olana isə ehtiyatla, qəribə nəzərlərlə baxırdılar. “Xaricdəkilər” partiya xətti ilə qabağa getməyə mane olduğundan çoxları qəriblikdəki qohum-qardaşını danırdı. Uzun illər beləcə, bir-birimizdən qorxa-qorxa, gizli ayrılıq dərdi çəkə-çəkə yaşadıq.
Yaman günlər gəlib ötüb keçəndi,
Bir yaxşılıq muradına yetəndi.
O tay, bu tay nə fərqi var, vətəndi,
Bir gün olar bu dağları yararlar,
İstəklilər bir-birini taparlar.
XX yüzilin əvvəllərində xalqımızın milli azadlıq mübarizəsi qalibiyyətlə nəticələndi. 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cumhuriyyəti dünya azərbaycanlılarının azadlıq uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti bütün dövlətçilik atributları-öz parlamenti, hökuməti, ordusu, pul vahidi, bayrağı, gerbi, himni olan suveren bir dövlətə çevrildi. Onun demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımlar xalqımızın tarixində silinməz izlər buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində mühüm rol oynadı. Lakin xalqımızın dirçəliş və özünəqayıdış prosesi uzun davam etmədi. 1920-ci il aprel ayının 27-də bolşevik Rusiyasının birbaşa hərbi müdaxiləsi Demokratik Respublikanın süqutu ilə nəticələndi. Minlərlə qabaqcıl fikirli adam ziyalı təqiblərə məruz qaldı. Repressiyadanyayına bilənlər isə siyasi mühacirət etməyə məcbur oldular. Siyasi fikir və hərəkat tarixinə uyğun olaraq siyasi mühacirət hərəkatı da artıb azalmış, tarixin amansız gərdişi milyonlarla soydaşımızı Vətənin hüdudlarından kənardaqoymuşdur.
Səksəninci illərin sonralarında SSRİ adlanan qırmızı imperiya parçalanmağa başladı. Parçalanma müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da milli-azadlıq hərəkatının vüsətlənməsi ilə müşahidə olunurdu. Daha xal “mənəvi və coğrafi çərçivədə” yaşamaq istəmirdi. Demokratiyanın genişlənməsi, mitinq və nümayişlərin vüsətlənməsi, plüralizmin və söz azadlığının bərqərar olması “mənəvi çərçivəni” dağıtsa da, “beton sərhədlər” doğmaları və yaxınları aralıda saxlamaqda idi. İlk dəfə olaraq Naxçıvanda belə sərhədlərə qarşı “üsyan” baş verdi.1989-cu ilin dekabr ayında Naxçıvanla İranı və Türkiyəni ayıran mühəndis istehkamları və tikanlı məftillər dağıdıldı. Mənəvi yaxınlıqdan faktiki yaxınlığa doğru mühüm tarixi hadisə olan bu addım sonralar Türkiyə və İran ilə münasibətlərimizin daha da yaxınlaşmasına, ömrü boyu bir dəfə görüşməmiş qohumların qovuşmasına şərait yaratdı. 1989-cu ilin dekabr ayında baş vermiş bu hadisəyə xüsusi əhəmiyyət və qiymət verən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci ildə bu barədə xüsusi qərar qəbul edərək 31 dekabr gününü Dünya azərbaycanlılarının həmrəylik günü elan etdi. Və artıq 27 ildir ki, bu tarixi günü bayram kimi qeyd edirik.
Qırmızı imperiya dağılmağa başlayanda Azərbaycan xalqı da öz azadlığı və suverenliyi uğrunda mübarizəyə qalxdı. Milli azadlıq hərəkatının vüsətlənməsindən qorxan mərkəz əks-tədbirlərə əl atdı. İttifaq rəhbərliyi əksəriyyəti ermənilərdən ibarət olansovet ordusu hissələrini və zirehli texnikanı Bakıya yeridərək 20 yanvar qırğını törətdi. Adamlar tankın tartılları altında qalıb cismən məhv olsalar da, mənən yüksəldilər, azadlıq uğrunda mübarizəni daha da vüsətləndirdilər.
Bundan sonra isə xalqımız erməni separatçılarının əli ilə uzun və dağıdıcı müharibəyə cəlb edildi, Xocalı soyqırımı törədildi, torpaqlarımızın 20 faizi işğal edildi, 20 min vətən övladı şəhid verildi, 50 min nəfər əlil oldu, bir milyondan artıq insan doğma yurdundan didərgin düşərək qaçqına çevrildi.
Öz tarixinin çox çətin və mürəkkəb dövrünü yaşayan Azərbaycanın bu gün daha çox dəstəyə və yardıma ehtiyacı vardır. Hazırda dünyanın bir çox ölkələrində azərbaycanlılar yaşayırlar. Rusiyada, Müstəqil Dövlətlər Birliyinə mənsub olan digər ölkələrdə, Qafqazda, Gürcüstanda, Dağıstanda, İranda, Türkiyədə, Avropada, Amerikada, Şərq ölkələrində azərbaycanlıların böyük icmaları yaranıbdır. Onlar bir-biri ilə daha çox əlaqə qurmağa, əlbir fəaliyyət göstərməyə çalışırlar. Azərbaycan diasporunun yaranmasında və onların müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsində ölkə prezidenti İlham Əliyevin müstəsna xidmətləri vardır. Hər dəfə xarici ölkələrə səfərləri zamanı o, Azərbaycan icmasının nümayəndələri, iş adamları ilə səmimi görüşlər keçirir, ölkəmizdəki vəziyyət, son illərdə Azərbaycanla bağlı dünyada gedən proseslər barədə dolğun və ətraflı məlumat verir, onlara haqq işimizin dəstəklənməsi naminə yaşadıqları ölkələrin ictimai-siyasi təşkilatları, parlamentvə dövlət qurumları ilə səmərəli əməkdaşlıq yaratmaları üçün məsləhət və tövsiyələrini söyləyir. Artıq dünyanın bir çox yerlərindəki Azərbaycan icmaları və cəmiyyətləri öz fəallıqlarını xeyli artırmışlar. Azərbaycanın müstəqillik qazanması, bütün çətinlik və mərhumiyyətlərə baxmayaraq suverenlik yolu ilə inamla addımlaması və planetimizin hər yerində yaşayan soydaşlarımızla əlaqələr yaratmağa can atması öz bəhrələrini göstərməkdədir. Bugünkü müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının dayağıdır, onlar üçün örnəkdir.
Dekabrın 31-i yer üzündə yaşayan azərbaycanlıların mənəvi birlik günüdür. İnanırıq ki, onların birgə köməyi və dəstəyi nəticəsində tezliklə Qarabağ münaqişəsi sülh yolu ilə nizama salınacaq, torpaqlarımız azad olunacaq, Dünya azərbaycanlılarının həmrəylik günü bayramı bütöv, azad və suveren Azərbaycanda sevinc və şadlıqla keçiriləcəkdir. Bu ələmətdar bayram münasibətilə dünya azərbaycanlılarını ürəkdən təbrik edir, onlara sıx birlik, vəcansağlığı arzulayırıq!
AYNUR TURAN
Subyekt.az