![]()
Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.
Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
Subyekt.az