
Tofiq Bəhramov ̶Azərbaycan futbolçusu, futbol hakimi. Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembley stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.
Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyannik”ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. Tofiq Bəhramova bu oyundan sonra həmçinin, Böyük Britaniya kraliçasının özü “Qızıl ilahə” mükafatını təqdim edib. Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi. Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyası Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası – Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb. 2004-cü il oktyabrın 14-də keçirilən abidənin açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın hazırkı prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak etmişdi. Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib. 2004-cü ildə dünyada hakimlər içərisindən ilk dəfə məhz onun adına abidə ucaldılıb.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az