![]()
Adil Babayev vaxtı qiymətləndirməyi bacaran yazıçı idi. O, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafına kömək etmişdir.
Jurnalist Etibar Babayev
Babayev Adil Qafar oğlu 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda “Sovet Gürcüstanı” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1956-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil almışdır. O, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuşdur. Eyni zamanda M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olmuş (1956-1964), sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləmişdir. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olmuşdur. Onun bədii yaradıcılığı çoxcəhətlidir: “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından çoxlu tərcümələr etmişdir. Onun tərcümə etdiyi — V.Vinnikov və Y.Osnosun “Ağ şanaküllə” (1959), Sao-Yuyyanın “Tufan” (1959), Ş.Miloravanın “Tbilisi Haqqında mahnı” (1961), N. Dumbadzenin “Darıxma, ana” (1972), M. Petrieskunun “Ölümü görmüş insan” (1973) pyesləri tamaşaya qoyulmuşdur. 1977-ci il avqustun 19-da Bakıda vəfat etmişdir.
Kitabları: “İkinci simfoniya” (1947), “Ürək nəğməsi” (1948), “İlk addımlar” (1949), “Xəzər sahillərində” (1949), “Gənclik illəri” (1950), “Şeirlər” (1954), “Döyüş yollarında” (1956), “Ana ürəyi” (1957), “Unudulmuş yasəmən” (1960), “Anamın üzüyü” (1963), “Gecikmiş bahar” (1965), “Qılınclar arasında” (1969), “Şəhidlərin üsyanı” (1969), “Leyla Bədirbəyli” (1970), “Memarın məhəbbəti” (1972), “Şərəfli yol” (1974), “Yolda görüş” (1974), “Təzədən doğulur şair ölən gün” (1981), “Pyeslər” (1984), “Ata sorağında” (1985) və s.
Araşdırdı: Aynur Turan
Subyekt.az