![]()
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, təlimçi və benefisiarları, KOBİA və müxtəlif dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri iştirak ediblər.
Qonaqlar və tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev meydanında keçirilən açılış mərasimində Heyvaçiçəyi obrazında olan qızın salamlaması ilə tədbir rəmzi ruh qazanıb, festival şarların havaya buraxılması ilə rəngarəng şəkildə açılıb.
Çıxışlarda festivalın rayonun sosial-iqtisadi və mədəni həyatında xüsusi rolu və festival çərçivəsində görülən işlərin əhəmiyyətindən bəhs olunub, gələcək perspektivlərə toxunulub. Vurğulanıb ki, Ağdaşın mədəni, sosial və iqtisadi potensialını bir araya gətirən “Heyva Festivalı” ölkəmizdə qeyd edilən “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməklə, milli birlik və yaradıcılıq ənənələrimizin təcəssümünə çevrilib.
Festival çərçivəsində qonaqlara təqdim edilən yerli heyva məhsulları, kulinariya nümunələri, dulusçuluq, keramika, xalçaçılıq, dekorativ toxuculuq, eco-art və ebruli sənəti, həmçinin körpələr evi-uşaq bağçalarının səhnəcik və rəqsləri, viktorina, robot texnikası və STEAM layihələri, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırlanan əl işlərindən ibarət sərgi və master-klas, floristika, rəsm və plener guşələri, eləcə də idmançı və kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin məhsulları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival konsert proqramı ilə başa çatıb.

.

Subyekt.az