![]()
Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Ümummilli lider Heydər Əliyev
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Azərbaycanda hökm sürən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya dövlətləri üçün açıq ölkəyə çevrilib. 28 May – Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar imperiyası dağıldı. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı olmuşdur. (4 iyun 1918-ci ildə) 1918-ci ilin 9 noyabrında M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qırmızı rəngdə idi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Amma xalqimizin azadlıq arzusu heç vaxt sönmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Subyekt.az