
Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib. Muxtar Maniyevin kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə başlayıb. Çox keçmədən ardınca “Koroğlu” filminə çəkilib. Sonrakı illər bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib. Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın böyük bir dövrü ilə bağlıdır. Onun 60-70-ci illərdən başlanan yaradıcılıq yolu bu gün də inamla davam edir. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib. 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir. Onun rolları milli, xarakterlidir, əsl azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. “Bakıda küləklər əsir”, “Bizim Cəbiş müəllim”, “Sizi dünyalar qədər sevirdim” və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilmişdir. Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir.
Filmoqrafiya: Babək (film, 1979), Bala-başa bəla! (film, 1995), Bəxt üzüyü (film, 1991), Bəyinoğurlanması (film, 1986), Bir ailəlik bağ evi (film, 1978), Bir nömrəli… (film, 1980), Birisigün, gecəyarısı… (film, 1981), Bizim Cəbiş müəllim (film, 1969), Bomba (film, 2005), Bu da bir naxışdır (film, 1987), Bumeranq (film, 1982), Cin mikrorayonda (film, 1985), Çarvadarların izi ilə (film, 1974) və s.
Subyekt.az