![]()
Azərbaycan tarixinin şanlı səhifələrindən biri də qəhrəmanlıq, səbr və yenidənqurma ilə yoğrulmuş Kəlbəcərin azadlığıdır. On illərlə işğal altında qalan, talan edilən, amma heç zaman unudulmayan bu gözəl diyar 2020-ci ilin noyabrında yenidən doğma Vətənə qovuşdu. Bu möhtəşəm hadisə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz şücaəti sayəsində mümkün oldu.
Kəlbəcər Azərbaycan xalqının yaddaşında təkcə füsunkar təbiəti, bulaqları, mineral suları və tarixi abidələri ilə deyil, həm də xalqımızın mərdliyinin, dözümünün simvolu kimi qalmaqdadır. İşğal illərində bu torpaqdan qovulan minlərlə kəlbəcərli illərlə o dağlara, o çəmənlərə, o bulaqlara qayıdacağı günü gözlədi. Düşmən illər boyu bu gözəl diyarı viran qoysa da, xalqımızın yaddaşından Kəlbəcər adı heç zaman silinmədi.
Və nəhayət, o böyük gün gəldi Kəlbəcər azad olundu. Qarlı dağların ətəyində üçrəngli Azərbaycan bayrağı dalğalanarkən hər bir azərbaycanlının qəlbini qürur, sevinc və minnətdarlıq hissi bürüdü. Bu hadisə yalnız bir bölgənin azadlığı deyil, ədalətin, milli birliyin və tarixi haqqın təntənəsi idi.
Azadlıqdan sonra dövlətimiz dərhal Kəlbəcərin bərpası və yenidən dirçəldilməsi istiqamətində genişmiqyaslı işlərə başladı. Prezident İlham Əliyev bu qədim diyarı dəfələrlə ziyarət edərək, bərpa prosesinə şəxsən rəhbərlik etdilər. Qısa müddət ərzində Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi, müasir infrastruktur layihələri hazırlanaraq həyata keçirilməyə başlandı.
Kəlbəcərin bugünkü siması dövlətin iradəsinin, xalqın birliyinin və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış zəfərin bariz nümunəsidir. Hər bir tikili, hər bir yol, hər bir məktəb o torpaqlar uğrunda canından keçən qəhrəmanların xatirəsini yaşadır.
Bu gün Kəlbəcərə qayıdan hər bir sakin öz yurdunu yenidən qurmaqla təkcə evini deyil, həm də ümummilli ruhu və qüruru bərpa edir. Uşaqların gülüşü, bulaqların səsi, insan nəfəsi ilə yenidən canlanan bu diyar bir daha sübut edir ki, Azərbaycan xalqı heç vaxt haqqından, torpağından və kimliyindən vaz keçməz.
Kəlbəcərin azadlığı və bərpası yalnız bir bölgənin deyil, bütün Azərbaycanın qələbəsidir.

Azər Allahverənov,
Milli Məclisin deputatı
Milli Majlis
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Subyekt.az