![]()
Mehdiyev Famil Ağalar oğlu 1934-cü il dekabrın 25- də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. (1953-1958). Əmək fəaliyyətinə “Bakı” axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. “Jurnalistika məsələləri” adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. “Oqonyok” jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ “Bilik” cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır. Famil Mehdi 2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir. Qarabağ müharibəsinin ilk günlərindən “Nicat” cəmiyyətini yaratmış və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından “General Məhəmməd Əsədov” mükafatı təsis etmişdir.
Əsərləri: ”Sevəndən bəri” (1961), ”Sadə sətirlər” (1963), ”Mənim ulduzlarım” (1964),
”Ünvanım dəyişir” (1966), ”Ömürdən səhifələr” (1970), ”Qarabağ şikəstəsi” (1970),
”İllər və talelər” (1974), ”İnsan unudulmur” (1976), ”Səni gözləyirəm” (1978), ”Anam
elə bilir” (1979), ”Təbriz xalısı” (1981), ”Ömür keçir”, gün keçir” (1983), ”Borc”
(1984), ”Əyilmə, dünyam” (1985), ”Qarabağ faciəsi” (1995) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az