![]()
Əliqulu Qəmküsar satirik şeirləri, felyatonları ilə avamlığı, fanatizmi, ictimai zülm və ədalətsizliyi ifşa edirdi.
Yazıçı C. Məmmədquluzadə
Əliqulu Qəmküsar (1880-1919) – şair, publisist. Yazıları ilə “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir. Əsl soyadı Nəcəfovdur, ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. Əliqulu Nəcəfov Qəmküsar 1880-ci ildə Naxçıvanda doğulmuşdur. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. 1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır. 1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. “Molla Nəsrəddin” və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə “Molla Nəsrəddin” jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında jurnal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. “Ölülər” komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın “Ölülər”də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tiflisdə çıxan
“Al bayraq”, sonra “Gələcək” qəzetlərində şeir və felyetonlar çap etdirir. Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tifilisdə dəfn edilmişdir. Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştiraketmişdir.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 271.
Subyekt.az