![]()
Zəroş Həmzəyeva milli teatr sənətimizin inkişafında xüsusi yeri olan, zəngin yaradıcılıq irsinə malik aktrisalardandır. Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” komediyasında Yetər rolunu oynayıb. Zəroş Həmzəyeva 1948-ci ildə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrında aktrisa işləyib. Bir il ərzində burada ondan çox səhnə obrazında çıxış edib. Aktrisa bir sıra tamaşalarda, xüsusən “Vaqif” tamaşasında Xuraman rolunda Akademik teatrın görkəmli sənətkarları ilə tərəfmüqabil olub. Azərbaycan Respublikasının Əməkdar artisti (1956) və Xalq artisti fəxri adlarına layiq görülüb (7 oktyabr 1967). 1995-ci ildə fəxri təqaüdə çıxıb. Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub. Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrəmanlarının ən yaxşı ifaçılarından sayılır. O, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin “Solğun çiçəklər” (Sara), “Nəsrəddin şah” (Sitarə), “Aydın” (Gültəkin), “Sevil” (Sevil), “Almaz” (Almaz və Yaxşı), “1905-ci ildə” (Sona), “Od gəlini” (Solmaz), “Oqtay Eloğlu” (Firəngiz), “Yaşar” (Yaqut) dramlarının tamaşalarında baş rolları ifa edib. Aktrisanın baş rollar siyahısında Xumar, Südabə (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid), Estrelya (“Sevilya ulduzu”, Lope de Veqa), Şirin və Məryəm (“Fərhad və Şirin”, Səməd Vurğun), Gülcahan (“Nadir şah”, Nəriman Nərimanov), Süsən (“Namus”, Aleksandr Şirvanzadə), Gülcamal (“Qatır Məmməd”, Zeynal Xəlil), Dezdemona (“Otello”, Vilyam Şekspir), Zinyət və Zalxa (“Toy”, Sabit Rəhman), Məhsəti, İsmət (“Məhsəti” və “İsmət”, Kəmalə Ağayeva), Mətanət (“Çicəkli dağ”, Məmmədhüseyn Təhmasib), Luiza (“Sahil əməliyyatı”, Cəmşid Əmirov) kimi sanballı xarakterlər var. Zəroş xanımın kiçik, lakin ürəyəyatımlı və şirin səsi olub. Buna görə də Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” (Leyli və Leylinin anası), “Əsli və Kərəm” (Əsli) operalarında, “Arşın mal alan” (Gülçöhrə, Telli və Asya), “Məşədi İbad” (Gülnaz), Zülfüqar bəy Hacıbəyovun “Evliykən subay” (Pərizad), Məcid Şamxalovla Zakir Bağırovun “Qaynana” (Afət) operettalarında əsas partiyaları ifa edib.
Subyekt.az