![]()
“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq,müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesabedirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermis insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktıdır. Yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz həbs edilib. 17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) “20 Yanvarın Şəhidlər Günü elan olunması haqqında” qanun qəbul edib. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olunub. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıqlanıb. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, küçələrə və meydanlara çıxaraq qəti etirazını bildirən xalq kütlələrinə qarşı Azərbaycan ərazisinə ordu hissələrinin yeridilməsi 1990-cı ilin 20 yanvarında misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
Kitablar: R.Səməndər ”Şəhidlər” (1990), V.Babanlı ” Hoydı, dəlilərim, hoydı!” (1993), M.Ələkbərli “Ağlama şəhidlərə” (2002), Hidayət ”Azərbaycan harayı” (2002), N.Kəsəmənli 20 Yanvar ; Qar yağır Şəhidlər xiyabanına” (2002), Qabil. ”Çalsın Azərbaycan haray zəngini” (2002), B.Vahabzadə “Şəhidlər” (2002), B.Eyyubova. “20 Yanvar” (2003), A.Kamal. “Şəhidlərxiyabanı” (2003), N.Əyyub “Qanlı Yanvar” (2004), M.Gülgün “Şəhid balaları”, O.Hacıyeva “Şəhidliyə qovuşaq” (2004), Y.Hüseyn “Şəhidlər” (2004), İ.Allahverdiyev “Şəhidlər xiyabanı” (2005), M.Aslan “Ağla, qərənfil, ağla” (2006), Aslan M. “Məzarsız şəhidə ağı” (2006), R.Buzovnalı “Şəhidlər” (2007), Z.Dəmirçi “20 Yanvar” (2008) və s. Filmoqrafiya: “Azadlığa gedən yollar” (1990), “20 yanvar” (1990), “Matəm” (1990) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az