
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş – 1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il ötür. Bu xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Artıq bir neçə gündür ki, qan yaddaşımız olan 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq rayonun ümumtəhsil, səhiyyə, mədəniyyət müəssisələrində silsilə tədbirlər, anım mərasimləri keçirilir, Qusar şəhərində yerləşən Şəhidlər xiyabanı rayon sakinləri tərəfindən ziyarət olunaraq faciə qurbanları anılır. Belə ki, şəhidlərimizin ruhuna ehtiram və matəm əlaməti olaraq şəhər ərazisində bayraqlar endirilmiş, bütün tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilərək şagirdlərə faciə barəsində ətraflı məlumat verilmişdir. Rayon ərazisində yerləşən “Mustafa Kazdal” məscidində şəhidlərin xatirəsinə həsr olunmuş dini mərasim keçirilmişdir.
Yanvarın 20-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Hüquq-mühafizə orqanları və bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri rayon Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.
Tədbir Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının təqdimatında “20 Yanvar şərəf və qəhrəmanlıq tariximizdir” adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.
Kompozisiyanın yekununda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov teatrın rəhbərliyi başda olmaqla bütün kollektivə təşəkkürünü bildirib. 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu vurğulayan icra başçısı bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tədbirin davamı olaraq saat 12:00-da bütün rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

.

.

.

Subyekt.az