![]()
Energetika ölkənin iqtisadi qüdrətini, sənayenin inkişafını və insanların gündəlik həyatının davamlılığını təmin edən strateji sahələrdən biridir. Azərbaycanda bu sahənin inkişafı zəngin tarixə, mühüm nailiyyətlərə və minlərlə mütəxəssisin əməyinə söykənir.
Azərbaycanda hər il oktyabrın 20-si Energetiklər Günü kimi qeyd olunur. Bu əlamətdar tarixin əsasında ölkəmizin energetika tarixində xüsusi yer tutan mühüm hadisə dayanır. 1981-ci il oktyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istifadəyə verilib. Bu hadisə respublikanın elektrik enerjisi istehsalı imkanlarının genişlənməsində və energetika sisteminin inkişafında yeni mərhələnin başlanğıcı olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə oktyabrın 20-si ölkəmizdə Energetiklər Günü peşə bayramı kimi təsis edilib. Bu qərar energetika sahəsində çalışan insanların əməyinə verilən yüksək dəyərin və onların xidmətlərinə göstərilən diqqətin ifadəsidir.
Ötən illər ərzində ölkəmizin enerji infrastrukturu əhəmiyyətli inkişaf yolu keçib. Yeni elektrik stansiyalarının tikintisi, mövcud istehsal güclərinin modernləşdirilməsi, yarımstansiyaların və ötürücü xətlərin yenilənməsi ölkənin enerji təminatının etibarlılığının artırılmasına xidmət edib. Bu gün energetika sektoru yalnız iqtisadiyyatın mühüm sahələrindən biri deyil, həm də dövlətin strateji təhlükəsizliyinin əsas dayaqlarından biridir.
Günəş və külək enerjisi layihələri, enerji səmərəliliyinin artırılması və Qarabağla Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər Azərbaycanın işıqlı gələcəyinə xidmət edir.
Enerji sisteminin fasiləsiz fəaliyyətinin arxasında hər gün böyük məsuliyyətlə çalışan energetiklər dayanır. Onların zəhməti evlərimizin işığında, müəssisələrimizin fəaliyyətində öz əksini tapır.
20 oktyabr – Energetiklər Günü münasibətilə bu sahədə çalışan bütün mütəxəssisləri təbrik edir, onlara möhkəm cansağlığı, təhlükəsiz iş şəraiti və yeni uğurlar arzulayırıq.
Subyekt.az