![]()
Bu gün görkəmli Azərbaycan yazıçısı, dramaturqu, pedaqoqu, ədəbiyyatşünası Əbdürrəhim bəy Haqverdiyevin anadan olduğu gündür. O, 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında yerləşən Ağbulaq kəndində anadan olmuşdur. Əbdürrəhim bəy Haqverdiyev “Leyli və Məcnun” operasının premyerasında birinci dirijor, Teatr Şurasının təsisçisi və birinci sədri, Yazıçılar Birliyinin birinci sədri, Azərbaycanın birinci Təhsil Naziri, “Molla Nəsrəddin” jurnalının baş redaktorlarından biri olmuşdur. Bir sıra dəyərli əsərlərin müəllifi olan ədib həm də müəllimliklə məşğul olmuş, digər tərəfdən teatrlarda nümayiş olunan tamaşalara rejissorluq etmişdir. Eyni zamanda bədii yaradıcılığını da davam etdirərək, “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyamızı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirmişdir. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirən Əbdürrəhim bəy Haqverdiyev “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Subyekt.az