
Rzaquluzadə Mikayıl Manaf oğlu nasir, şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976). Ədəbi təxəllüsü otuzuncu illərdə “Mim-Re”, “M.R.”, “R.Mikayıl”, sonralar “M.Rzaquluzadə” olmuşdur. Ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanıilə təltif edilmişdir. Çuvaş MSSR Mədəniyyət Nazirliyinin və digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir. Mikayıl Rzaquluzadə 1905-ci il martın 17-də Bakı şəhərində doğulmuşdur. Ədəbi fəaliyyətə 1923-cü ildə “Abdulla Şaiq” kitabçasında çıxan “Müəllim” şeiri ilə başlamışdır. İlk məqaləsi isə 1926-cı ildə “Maarif işçisi” jurnalında “Cocuq ədəbiyyatında üsul məsələsi” adı ilə dərc olunmuşdur. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur. Yaradıcılığında bədii tərcüməyə geniş yer vermişdir. Dünya və keçmiş SSRİ xalqlarının ədəbiyyatından tərcümələr etmişdir. “Gənclik” nəşriyyatının, “Göyərçin”, “İnqilab və mədəniyyət” (sonralar “Azərbaycan”) jurnalları redaksiya heyətinin, “Azərbaycan dilinin izahlı lüğəti”nin redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı qəbul komissiyasının üzvü olmuşdur. 1984-cü il noyabrın 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Əsərləri: “Ağ dana” (1945), “El gücü” (1948), “İstək” (1949), “Dan söküləndə” (1952), “Sirli saz” (1955), “Qu gölü” (1955), “Ovçu Elişlə qoçaq Aytəkinin nağılları” (1956), “Ölkənin çiçəkləri” (1962), “Nəsillərdən nəsillərə : bircildlik seçilmiş əsərlər” (1965), “Salam Adil” (1966), “Hekayələr” (1967), “Dəniz nağılı” (1967), “Baharın elçiləri” (1968), “Ürəkdə izlər” (1969), “Quş dili bilən Orxan” (1972), “Cücə getdi su içə” (1973), “Yaz günəşi : bircildlik seçilmiş əsərlər” (1977), “İlin yazı – elin sazı : şeirlər, poemalar, rəvayətlər və nağıllar” (1981) və s.
Tərcümələri (farscadan, ruscadan): Nizami Gəncəvi. “İsgəndərnamə (iqbalnamə)” (1967) Oldriç T. “Amerika məktəblisinin xatirələri”, Kiplinq R. “Mauqli” (1939), V.Mayakovski.
“Seçilmiş şeirlər və poemalar” (1940), M.Şoloxov. “Nifrət fənni” (1942), V.Vasilyevskaya. “Göy qurşağı” (1947), V.Q.Belinski. “Seçilmiş əsərləri” (1948), A.Düma. “Üç muşketyor” (1949), M.Qorki. “Uşaqlar” (1950), M.Qorki. “Ədəbiyyat haqqında” (1950) və s.
Subyekt.az