![]()
Məmmədov Əhməd Qəşəmoğlu 1950-ci ilin 15 fevralında Naxçıvan MR Babək rayonun Vayxır kəndində anadan olmuşdur. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan EA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlamışdır. İqtisad elmləri namizədidir. Yunesko–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. Sovet Sosioloqlar Assosiasiyasının İdarə heyətinin üzvü olmuşdur.”Vurğun külək” adlı ilk şeirlər kitabı 1981-ci ildə “Gənclik” nəşriyyatında çap olunmuşdur. Ə. Qəşəmoğlu 1980-ci ildə Tuva MSSR-in paytaxtı Qızıl şəhərində keçirilən “Gənc yazıçıların Ümumittifaq Toplantısı”nda lauerat olmuşdur. Buna görə də onun “Vlyublennıy veter” kitabı Moskvada “Molodaya qvardiya” nəşriyyatında çap olunmuşdur. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. O, eyni zamanda ardıcıl olaraq publisitika ilə də məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Şeir və publisistik yazıları ondan artıq xarici ölkələrdə müxtəlif dillərdə çap olunmuşdur. Əhməd Qəşəmoğlu SSRİ-də riyaziyyatın sosiologiyaya tətbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən biridir. “Azərbaycan – Hollandiya dostluq cəmiyyəti”nin, “Tərəqqi və Demokratiya” ictimai birliyinin rəhbəridir. “Rəsul Rza” adına Beynəlxalq ədəbi mükafatın laueratıdır. 1974-cü ildən başlayaraq Azərbaycanda eprik sosiologiyanın əsasını qoymuşdur. 1980-ci ildə Azərbaycan Komsomolu MK-da, 1987-ci ildə Azərbaycan EA-da, 1992-ci ildə Qərb Universitetində sosiologiya sahəsində ciddi Elmi Mərkəzlər yaratmışdır. 1990-cı ildə Azərbaycanda ilk müstəqil “Sosioloji Araşdırmalar Mərkəzi” yaratmışdır. Rəhbərlik etdiyi “El- oba” Sosioloji Araşdırmalar Mərkəzi 1994-cü ilə qədər Respublikada olduqca ciddi fəaliyyət göstərmişdir. 1992-ci ilin oktyabrında Azərbaycan Parlamenti yanında “Humanitar tədqiqatlar və Proqnozlaşdırma Mərkəzi”nin rəhbəri seçilmişdir. Mərkəz 1997-ci ildə ləğv edilmişdir. ABŞ-da, İrlandiyada, İsveçdə, Misirdə, Türkiyədə və s. ölkələrdə keçirilən 10-dan artıq beynəlxalq toplantıların iştirakçısı olmuşdur. 350-yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik etmişdir. 20-yə qədər fəaliyyət proqramının yaradıcısıdır. 300-ə qədər elmi, publisistik məqalənin, 5 şeir, 5 elmi kitabın müəllifidir. Əsərləri: “Vurğun külək” (1982), “Dünya çağırır məni” (1988), “Dünyadan keçirəm indi” (1997), “Sosial idarəetmənin fəlsəfi və sosioloji problemləri” (2008) və s. Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı.səh 225.
Subyekt.az