
Məryəm Əlizadə bizə çox gərəkdir, çünki onun tanrısı gözəllikdir, sevgidir.
Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu
Məryəm Əli qızı Əlizadə — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Məryəm Əlizadə 1950-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967-1972). Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində baş laborant kimi başlamışdır (1972-1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976-1978), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna dəyişilmiş, teatr tarixi kafedrasında müəllim, baş müəllim (1978-1985), sonra isə dosent və professor vəzifəsində çalışmışdır. Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. “Əhməd Ağdamski” və “Həbib bəy Mahmudbəyov” elmi-ədəbi oçerkləri “Unudulmaz səhnə ustaları” kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür (1988-ci ildən). “SSRİ və Yunan Teatr Əlaqələri. Ənənə və novatorluq” simpoziumunda (Afina – 1986, oktyabr) Sovet nümayəndə heyətinin tərkibində Yunanıstanda olmuşdur.
Məqalələri:
- XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri
(Müasir teatrda ənənə və novatorluq məsələləri). “Mədəni maarif”, 2006, N2, s.5-8.
- Müasir teatr sorağında (Ədalət Vəliyevin “Teatr sənətimiz: dünən, bu gün, sabah…” adlı kitabı
haqqında). “Mədəni maarif”, 2006, N3, s.7-9.
- Ondan içəri… (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin
Əfəndiyevin 60 illiyi). “Qobustan”, 2006, N2, s.20-25 və s.
Subyekt.az