![]()
Gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi diqqət və qayğısı gözdən əlilliyi olan şəxsləri də əhatə edir və onların sosial təminatı, reabilitasiyası tədbirləri ildən-ilə gücləndirilir.
Bu kateqoriyadan olan vətəndaşlar üçün son illərdə Bakıda 132 mənzilli yaşayış binası inşa etdirilərək onların istifadəsinə verilib, habelə gözdən əlilliyi olan yüzlərlə şəxs yeni yaşayış komplekslərində mənzillə təmin ediliblər. Gözdən əlilliyi olan şəxslər pensiya və ya müavinətlə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir. Son 7 ildə ölkəmizdə həyata keçirilən 5 sosial islahat paketi çərçivəsində əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər dəfələrlə artırılıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslər (o cümlədən gözdən əlilliyi olan şəxslər) və digər həssas qrupların bacarıqlarının inkişafına, reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət edir. Mərkəzdə, onun İsmayıllı və Bərdədəki DOST Evi filiallarında ötən dövrdə əlilliyi olan yüzlərlə şəxsin yaradıcı potensialının inkişafına dəstək işləri aparılıb. Heydər Əliyev Fondu tərəfindən gözdən əlilliyi olan şəxslər üçün Naxçıvan, Gəncə və Yevlax şəhərlərində yaradılan Regional İnformasiya Mərkəzləri həmin şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə xidmət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də tibbi, pedaqoji, idman, psixoloji və s. istiqamətlərdə reabilitasiya xidmətləri ilə təmin edilirlər. Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində əlilliyi olan şəxslər, o cümlədən görmə imkanı məhdud şəxslər yeni peşələrə yiyələnirlər. Agentliyin “Danışan kitab” və “Tiflo TV” mobil tətbiqləri isə gözdən əlilliyi olan şəxslərin məlumat əldə etmək imkanlarını genişləndirir, onların audioformatlarda informasiyaya bərabər çıxışını təmin edir.
Bu kateqoriyadan olan şəxslərlə bağlı aktiv məşğulluq tədbirləri davam etdirilməklə yanaşı, özünüməşğulluq proqramı çərçivəsində həmin şəxslər üçün də kiçik bizneslər qurulur. Son illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin öz işlərini qurmalarına dəstək məqsədilə “Sosial notlar” layihəsi də icra olunub. Həmin şəxslərdən bir qrupu layihə əsasında və seçimlərinə uyğun olaraq musiqi alətləri ilə təmin edilib. Həmçinin, Azərbaycan Gözdən Əlilliyi Olan Şəxslər Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində onlar üçün xüsusi proqram əsasında peşə hazırlığı kursları təşkil olunur.
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına təqdim olunan reabilitasiya vasitələri növlərinin siyahısı son illər xeyli genişləndirilib. Siyahıya gözdən əlilliyi olan şəxslər üçün ağ əsa, Brayl sistemi ilə yazı üçün cihaz, ekran oxuyucuları və s. də daxil edilib.
Subyekt.az