Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər ulu öndəri XX əsrin siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer və digərləri ilə bir sıraya qoyurlar. Amma bu şəxsiyyətlərin hər birinə böyük hörmət hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları bir ictimai-siyasi formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə etməyə çalışmış və buna nail olmuşlar. Heydər Əliyev isə həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu. Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı. Ulu öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazariqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı. Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyinidə müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başaçatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Rövşən Hüseynov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
Subyekt.az