![]()
Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929-1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır. 1942-1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərd Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin “Atıcı” (1934), “Gənc aşıq” (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir. O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir. Onun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri Bakıda S. Vurğunun abidəsi və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950-1960-cı illərdə yaratdığı “Çoban” (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), “Azərbaycanlı qadın” (gips, 1951), “Azadlıq” (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), “Azad qadın” və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir. Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır. Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini də yaratmışdır. Mükafatları: İki dəfə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Bakıda xatirə muzeyi vardır.
Subyekt.az