![]()
Özündən sonrakı nəsil üçün böyük ədəbi-nəzəri irs, təqdiqatçılıq səriştəsi, silinməz izlər qoyan Əziz müəllim cild-cild sanballı əsərləri ilə ədəbiyyatşünaslıq elmimizdə özünə əbədi heykəl ucaltmışdır.
Filologiya elmlər namizədi Nəcəf Nəcəfov
Əziz Mirəhmədov – Azərbaycanın Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980). Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci il fevralın 11-də Bakı şəhərində doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun filologiya
fakültəsinə daxil olmuşdur. 1943-1948-ci illərdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsini tutur. “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri” mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, “Molla Nəsrəddin” jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı. Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən Əziz Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun “M.F.Axundov” (1953), “Abdulla Şaiq” (1956), “Sabir” (1958), “Məhəmməd Hadi” (1962 və 1981), “Azərbaycan Molla Nəsrəddini” (1980), “Yazılar, talelər, əsərlər” (1978), “Satirik gülüşün qüdrəti” (1981), “Ağlar güləyən” (1989) monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair” , “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm”, “Ədəbiyyatşünaslıq ensiklopediyası terminləri lüğəti” (1998) və s.sanballıməqalələri ədəbiyyat tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc Əziz iki cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdur. O, nəşri planlaşdırılmış yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılmışdır.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az