Firuzə Məmmədli yaradıcılıq etibarı ilə gəncləşən bir şairədir.
Xalq şairi Fikrət Qoca
Məmmədova Firuzə Nurəddin qızı – şair, tərcüməçi, 1983-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1980). Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra Quba şəhər tibb məktəbində təhsil almışdır (1963). APİ-nin dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur (1964-1968). İnstitutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedaqoji məktəbində çalışmışdır. Sonra APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir (1970). Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. “Vahid Azərbaycan” uğrunda mübarizəyə qoşulduğuna görə (1 repressiya və təqiblərə məruz qalmışdır (1969). Azərbaycan dili kafedrasının dosenti olmuşdur. (1990-cı ildən). Həm də Azərbaycan Yazıçılar Birliyində Həmkarlar Komitəsinin sədridir (1995- ci ildən). Azərbaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı (1973-1″ APİ-nin partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü (1975-1980) olmuşdur. “Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun “Dostluq” qəzetində çıxan “Ay həkim” adlı şeirilə başlamışdır. Ondan sonra dövri mətbuatda öz lirik şeirlərilə vaxtaşırı çıxış etmişdir. 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazmışdır. “Bədii dilin mənbələri” monoqrafiyasını başa çatdırmışdır. Tərcümə etdiyi özbək uşaq hekayələri “Dost əlini uzatsa” (1990) kitabında dərc olunmuşdur.
Mükafatları: Türkiyədə Bursa şəhərində keçirilən Uluslararası şeir şöləsinin (festivalının) Əlişir Nəvai mükafatına (1992), Bakı şəhərində keçirilən şeir müsabiqəsində İsa İsmayılzadə mükafatına (2000) layiq görülmüşdür.
Əsərləri: “Gümüşü damla” (1972), “Yoluma bahar düşüb” (1978), “Sənin ömrün” (1982),
“Yetkinlik” (1989), “Bir qarış ucalıq” (1995), “Bədii dilin estetik mənbələri” (1997), “Məni mənlə bölən dünya” (1999), “Seçilmiş əsərlər” : iki cilddə. I cild. (2002), “Seçilmiş əsərlər” : iki cilddə. II cild. (2002)
Araşdırdı: AYNUR TURAN
Subyekt.az