![]()
Xocavənd rayonunda Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iclas keçirilib.
İclas zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin gedişi, eləcə də Böyük Qayıdış prosesinin hazırkı vəziyyəti müzakirə olunub. Samir Nuriyev bildirib ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib və həmin ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı təmin edilib.
Qərargah rəhbəri qeyd edib ki, görülən genişmiqyaslı işlərin nəticəsində hazırda dövlət və özəl sektorlarda çalışanlar, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insan yaşayır və fəaliyyət göstərir.
İclas çərçivəsində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti və “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə təqdimatlar da keçirilib. Məskunlaşma prosesinin təşkili, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində görülən işlər barədə məruzələr dinlənilib.
Tədbirin sonunda aidiyyəti qurumlar qarşısında qarşıdakı mərhələdə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.



Subyekt.az