Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meylləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası bu gün tolerantlıq modeli kimi dünyada tanınır. Tolerantlıq bütün dövrlərdə olduğu kimi, bu gün də insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət kəsb edir. Bu birmənal şəkildə bir məziyyət, mənəvi keyfiyyətdir, lakin hər şeydən əvvəl tolerantlıq bir əməldir – başqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi deyil, dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir. Bəli, Tolerantlıq insanlar arasında körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə cavab verir. Tolerantlıq bütün təcrübə və dünyagörüşlərin bərabər qəbul edilməsi deyil. Əksinə, onun dəyəri universal insan hüquqları və əsas azadlıqlar haqqında məlumatlılıq və hörməti təlqin etməkdədir. Tolerantlıq Birləşmiş Millətlər Təşkilatının məğzini təşkil edir. BMT-nin Sivilizasiyalar Alyansı media ilə tərəfdaşlıq və gənclərin mübadilə proqramları vasitəsilə ekstremizmlə mübarizə aparmaq və mədəniyyətlərarası anlaşman təbliğ etmək istiqamətində dəyərli səylərini davam etdirir. Keçən avqust ayı BMT “dialoq və qarşılıqlı anlaşma” adı altında Beynəlxalq Gənclər İlinə start verib. YUNESKO-nun təşəbbüsü olan 2010 Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması ilinin əsas mövzusu da tolerantlıqdır. YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər danılmazdır.
Tolerantlıq öz-özünə meydana gəlmir. O, öyrədilməli, yetişdirilməli və başqalarına ötürülməlidir. Təhsilin, tədrisin, ailənin, cəmiyyətin, mühitin bu yöğndə rolu böyükdür. Belə ki, tolerantlığı gücləndirmək, nifrət və ayrı-seçkiliklə mübarizə aparmaq üçün böyük əhəmiyyəti var. Tolerantlığın zəruriliyi hər birimiz üçün aydındır. Lakin iradəmiz daha güclü olmalıdır. Tolerantlıq Azərbaycan xalqının xarakterik cəhətidir. Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. Azərbaycan müstəqilliyini əldə edəndən sonra dövlətin ideologiyasında da əsrlərdən gələn ənənə möhkəmləndirilib.
Fərqli mədəniyyət və din sahiblərinin birgə yaşayışının dövlət səviyyəsində rəsmi təsdiqi var və bu Konstitusiyamızda da təsbit olunub. Yaradılan mühit onu göstərir ki, Azərbaycan bütün Cənubi Qafqazda tolerantlıq nümunəsidir. Burada fərqli mədəniyyətlərin, dinlərin birgə yaşayışının xüsusi modeli bərqərar olub.
Dünya birliyi bu əsaslı və zəruri, daha doğrusu qlobal bir məsələyə diqqət çəkmək üçün təqvimə yeni bir əlamətdar gün təyin etdi. Bəli, 16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində
qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan tolerant ölkə olaraq dünyayaya açılan qapıdır. Burada mənbəyindən, mənşəyindən, dininndən, irqindən asılı olmayaraq bütün xaqlın nümayəndələri yaşayır və xoşbəxt həyat sürürlər. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.
Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əminamanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Bəli, Azərbaycançoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Ulu Öndər Heydər Əliyevin bu sahədəki təşəbbüsləri xalq tərəfindən yüksək qiymətləndirilmişdir. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bugün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Hələ andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” – deyən Azərbaycan Prezidenti İlham Əliyev xüsusi həssaslıqla onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bildirib: “Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər Beynəlxalq tədbirlər, xüsusilə dini və milli tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz. Ancaq bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düzgün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir, böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər”. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq günü ilə bağlı BMT-nin baş katibi Pan Gi Mun 16 noyabr Beynəlxalq Tolerantlıq günü münasibətilə dünya ictimaiyyətinə müraciət etmişdir. Müraciətdə deyilir ki, 1995-ci ildə YUNESKO 16 noyabr tarixini hər il Beynəlxalq Tolerantlıq günü elan etmişdir. Bununla yanaşı, dini dözümlülüklə bağlı ondan çox saziş, bəyannamə və tövsiyə də vardır. Həmin sənədlərin hər biri öz əhəmiyyətini qoruyub saxlayır və onların hər birinə tam mənada hörmət edilməlidir. Bu gün dünyamız müharibə, terrorizm, insanlığa qarşı cinayətlər, etnik təmizləmə, azlıqlara və mühacirlərə qarşı ayrı-seçkilik və belə çoxsaylı hallarla üzləşməkdə davam edir. Bu da qloballaşan dünyada bizi bir araya gətirməklə yanaşı, həm də böyük qorxu hissinə və daxili ziddiyyətlərə səbəb olur. Planetimizin fəaliyyəti üçün dəhşətli təhlükələrin artması və bunun nəticəsində yaranmış gərginlik potensialı tolerantsızlığa aparır. BMT-nin baş katibinin müraciətində deyilir ki, biz bu təhlükələrə qarşı mübarizənin yollarından – mədəni müxtəlifliyin davamlı inkişafı istiqamətində işin, tolerantlıq və sülh təhsilinin ən yaxşı vasitələr olduğundan xəbərdarıq.
Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”, “insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilmişdir. 1993-cü il 8-9 oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunmuşdur…
“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədərzəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Heydər Əliyev,
Ümummilli lider Ölkəmizdə yaranan bu cür demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün səylər göstərilsin, dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun. Bəli, bu gün Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir, ölkədə tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası, dini, əqidə azadlığının təmin olunması üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir. Müqəddəs dini bayramlar münasibətilə ölkəmizdə məskunlaşan müxtəlif xalqları, icmaları təbrik edən Prezident İlham Əliyev vurğulayır ki, yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları, öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini bu günümüzə qədər yaşatmışlar. Keçdiyimiz günlərdə ölkəmizdə dünya əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan “COP 29 – BMT-nin İ qlim Dəyişmələri Konfransı” na qucaq açdı. Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Bu möhtəbər tədbir bir daha sübut etdi ki, Azərbaycan dünya xalqların qucaq açan xoşməramlı, sülhsevər və ədalətli güclü ölkədir.
Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
#Tolerantlıq #COP29 #Azərbaycan #Dünya
Subyekt.az