![]()
Azərbaycan elmi ictimaiyyəti üçün növbəti sevindirici xəbər açıqlanıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 dekabr 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi Samirə Tufan qızı Bayramovaya kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Bu uğur Samirə Bayramovanın uzun illər ərzində apardığı məqsədyönlü elmi fəaliyyətin və zəhmətin məntiqi nəticəsi kimi dəyərləndirilir. O, pedaqoji fəaliyyəti ilə yanaşı, kimya sahəsində apardığı tədqiqatlarla da seçilərək ölkənin elmi potensialına töhfə verən ziyalılarımız sırasına qoşulub.
Ailəsinə bağlılığı ilə seçilən Samirə xanım iki övlad anasıdır. Qızı hazırda Türkiyə Respublikasında tibb təhsili alır, oğlu isə Bakı Texniki Universitetində ali təhsilini davam etdirir. Bu fakt ailədə elmə və təhsilə verilən yüksək dəyərin bariz göstəricisidir.
Onun uğurunda ailəsinin rolu da danılmazdır. Atası Bayramov Tufan Bəhmən oğlu vaxtilə Kəlbəcər rayonunda müxtəlif sahələrdə çalışıb, anası Ağamirova Ruhəngiz Fərrux qızı isə uzun illər həmin rayonda müəllim kimi fəaliyyət göstərib. Hazırda o, Kəlbəcər rayonu 11 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Təəssüf ki, Samirə xanımın bu böyük uğurunu görmək atası Tufan Bayramova nəsib olmayıb. Lakin əminliklə demək olar ki, onun ruhu bu gün övladının nailiyyətləri ilə qürur duyur. Çünki o, hər zaman övladlarını Azərbaycan üçün layiqli vətəndaş və savadlı ziyalı kimi görməyi arzulayırdı.
Subyekt.az kollektivi olaraq bu xoş xəbəri qürur hissi ilə qarşılayırıq. İnanırıq ki, ölkəmizin gələcəyi məhz belə savadlı, intellektual və vətənpərvər ziyalıların çiyinlərində qurulur.
Samirə Bayramovanı bu əlamətdar hadisə münasibətilə səmimi-qəlbdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.


Subyekt.az