![]()
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri ardıcıl şəkildə davam etdirilir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Kəlbəcər rayonu ərazisində yeni hotel kompleksinin inşasıdır.
Məlumata görə, Kəlbəcərdə aparılan tikinti işləri çərçivəsində müasir standartlara cavab verən hotel binasının təməli artıq qoyulub. Layihənin icrası üçün ayrılmış ərazidə xüsusi mühafizə zolağı yaradılıb və ilkin mərhələ olaraq təməl qazma işlərinə start verilib.
Yeni hotelin 5 ulduzlu olması nəzərdə tutulur ki, bu da regionda turizm infrastrukturunun inkişafına mühüm töhfə verəcək. Layihə, eyni zamanda, Kəlbəcərin turizm potensialının daha da genişlənməsinə və bölgəyə səfər edən yerli və xarici turistlərin sayının artmasına xidmət edəcək.
Qeyd edək ki, hazırda Kəlbəcərdə iki modul tipli hotel – “Kəlbəcər Hotel” və “Tunel Hotel” artıq fəaliyyət göstərir və bölgəyə səfər edən vətəndaşlara xidmət edir. Yeni inşa ediləcək hotel isə xidmət səviyyəsi və imkanlarına görə daha geniş və yüksək standartları ilə seçiləcək.
Mütəxəssislər bildirirlər ki, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən bu kimi layihələr azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişində mühüm rol oynayır və regionların dayanıqlı inkişafına zəmin yaradır.
Azərbaycanımıza və Kəlbəcərimizə xeyirli və uğurlu olsun.




Rövşən Hüseynli
Subyekt.az