![]()
Kəlbəcər rayonunda mərhələli şəkildə həyata keçirilən yenidənqurma və bərpa prosesi çərçivəsində hər gün yeni müsbət xəbərlər eşidilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən icra olunan “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərə qayıdan sakinlərin rahat yaşayışı və sosial rifahının təmin edilməsi üçün bütün zəruri tədbirlər ardıcıl şəkildə görülür.
Prezidentin Kəlbəcər rayonu üzrə təyin etdiyi xüsusi nümayəndə Bəşir Hacıyev və onun rəhbərlik etdiyi komanda bu gün böyük əzmkarlıqla çalışaraq, doğma yurda dönən soydaşlarımızın problemlərinin operativ və səmərəli həlli istiqamətində mühüm addımlar atır. Yeni il ərəfəsində Kəlbəcərə səfərimiz zamanı orada məskunlaşan sakinlərlə söhbətlərimizdə görülən işlər barədə ətraflı məlumat əldə etdik.
Yurda qayıdan kəlbəcərlilər ilk növbədə xeyr-şər mərasimlərinin keçirilməsi üçün xüsusi bir məkanın — modul tipli xeyr-şər evinin tikintisi ilə bağlı müraciət etmişdilər. Hətta bu məkan hazır olduqdan sonra daxili avadanlıqların — stol, stul, qab-qacaq və digər ləvazimatların Kəlbəcərdən olan iş adamlarının dəstəyi ilə təmin olunması təklif edilmişdi.
Lakin xüsusi nümayəndə Bəşir Hacıyev sakinlərə qəti şəkildə bildirmişdi ki, bu məsələdə heç kimdən kömək istənilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, lazım olan bütün avadanlıqlar Prezidentin Kəlbəcər Xüsusi Nümayəndəliyi tərəfindən tam şəkildə təmin ediləcək.
Sevindirici haldır ki, artıq bu gün xeyr-şər evi üçün tələb olunan bütün avadanlıqların hazır olduğu barədə məlumat aldıq. Bu, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının bariz nümunəsidir. Bu nəcib və nümunəvi təşəbbüsə görə Kəlbəcərə qayıdan soydaşlarımız adından, şəxsim və Subyekt.az kollektivi adından Prezidentin Kəlbəcər Xüsusi Nümayəndəliyinə və şəxsən Bəşir Hacıyevə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Görülən işlər bütün kəlbəcərliləri sevindirir və gələcəyə olan inamımızı daha da möhkəmləndirir.
Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər yenidən dirçələcək və əvvəlkindən də gözəl olacaq. Bu böyük quruculuq prosesində hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və doğma yurdumuzun inkişafına öz töhfəmizi verməliyik.

Rövşən Hüseynli
Kəlbəcər
Subyekt.az