![]()
Kəlbəcər şəhərində mühüm infrastruktur layihəsi uğurla başa çatdırılıb. Subyekt.az xəbər verir ki, bu gündən etibarən şəhər 35 kV-luq ayrıca elektrik xətti ilə təmin olunub ki, bu da Kəlbəcərin kəsintisiz və dayanıqlı elektrik enerjisi almasına imkan yaradır.
Yeni çəkilmiş elektrik xəttinin uzunluğu 26 kilometr təşkil edir. Xətt Qamışlı körpüsü ərazisində yerləşən 110/35 kV-luq yarımstansiyadan birbaşa Kəlbəcər şəhərinə qədər uzanır. Layihənin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, xətt üzərində heç bir kənar qoşulma mövcud deyil. Nə yaşayış binaları, nə ərazilər, nə şirkətlər, nə də ictimai iaşə obyektləri bu xəttə qoşulmayıb. Bu isə enerji təminatının etibarlılığını və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.
Layihənin icrası xüsusi çətinliklərlə müşayiət olunub. Şaxtalı və boranlı qış şəraiti, güclü külək və tufan, eləcə də mürəkkəb relyef şəraitində aparılan işlər yüksək peşəkarlıq və böyük məsuliyyət tələb edib. Buna görə də Kəlbəcər İşıq İdarəsinin kollektivinin fədakar əməyi xüsusi qeyd olunmalı və yüksək qiymətləndirilməlidir.
Qeyd edək ki, həyata keçirilən bu infrastruktur layihəsi Kəlbəcərin bərpa və inkişaf prosesində mühüm mərhələ hesab olunur. Eyni zamanda, bölgədə yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və dayanıqlı yaşayış şəraitinin formalaşdırılmasına xidmət edir.
Rövşən Hüseynli
Subyekt.az