![]()
Bu gün onun günüdür – Ülfət Kərimovun şəhadətindən 33 il ötür
“Eşitsəniz Kəlbəcər işğal olunub, bilin ki, mən şəhid olmuşam…”
Bu sözlər əfsanəvi kəşfiyyatçı, qorxmaz döyüşçü Ülfət Ələkbər oğlu Kərimovun dillər əzbərinə çevrilmiş vəsiyyətidir.
Bir vaxtlar cəbhə xəttinə yollanan Bakıdan gəlmiş jurnalistin “Nə demək istəyirsən?” sualına isə Ülfət Kərimov qısa və qəti cavab vermişdi:
“Azərbaycanın qeyrətli oğullarını ön cəbhəyə çağırıram!”
Vətən torpağını canından artıq sevən, düşmənə sarsıdıcı zərbələr vuran, igidliyi ilə könüllərdə əbədi yer qazanan Kəlbəcərli qəhrəman bu gün də yaddaşlarda yaşayır.
27 mart 1993-cü il – Ülfət Kərimovun şəhid olduğu gündür.
Onun şəhadətindən illər keçsə də, adı xalqın yaddaşında “Milli Qəhrəman” kimi yaşayır. Lakin çox təəssüf ki, bu ad hələ də rəsmi şəkildə ona təqdim edilməyib.
Ülfət Kərimov vaxtilə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. 1995-ci ildə ölkə ziyalıları ilə keçirilən görüşdə ziyalılar Ülfət Kərimovun qəhrəmanlığından bəhs edərək döyüş yoldaşlarının xahişini Prezidentin diqqətinə çatdırıb. Bununla bağlı araşdırma aparılması Ramiz Mehdiyevə tapşırılsa da, indiyədək ailəyə rəsmi cavab verilməyib.
Diqqət çəkən məqamlardan biri də odur ki, Ülfət Kərimova “Milli Qəhrəman” adının verilməsi təşəbbüsü, ilk dəfə doğulduğu rayonun rəhbərliyi tərəfindən deyil, Qusar rayonundan olan ziyalılar və onunla bir səngərdə döyüşən silahdaşları tərəfindən irəli sürülüb. Onlar Ülfətin qəhrəmanlığını öz gözləri ilə gördüklərini bildirərək, bu ada layiq olduğunu dəfələrlə vurğulayıblar.
Müdafiə Nazirliyinin arxivlərində onun döyüş yolunu əks etdirən kifayət qədər sənədlər mövcuddur. Düşmənə vurduğu zərbələr, ələ keçirdiyi hərbi texnika və silah-sursat, məhv etdiyi yüksək rütbəli zabitlər – bütün bunlar Ülfət Kərimovun necə bir qəhrəman olduğunu sübut edir.
Bu gün Azərbaycanda onu tanıyan hər kəs Ülfət Kərimovu artıq milli qəhrəman kimi qəbul edir.
Onun anası Fatma ana sağlığında deyirdi:
“Ülfətin Milli Qəhrəman adını aldığını görsəm, ürəyim rahatlıq tapar…”
Kəlbəcər işğaldan azad edildikdən sonra jurnalist Aqil Uluxanlının təşkilatçılığı ilə Fatma ana oğlunun son döyüş yerini – Ağdaban kəndini ziyarət etmişdi. O, həmin yerdə sanki oğluna səslənərək demişdi:
“Ülfəti haraylayım, bəlkə səsimə səs verə…”
Artıq Fatma ana da haqq dünyasındadır. O, oğlunun ruhuna qovuşub. Amma Ülfət Kərimova “Milli Qəhrəman” adının verilməməsi hələ də bir nisgil olaraq qalır.
Cəmi 22 illik ömür yolu keçən Ülfət Kərimov Azərbaycan gəncliyi üçün böyük bir örnəkdir.
2016-cı ilin Aprel döyüşlərində şəhid olan igid kəşfiyyatçı Pəncəli Teymurov da Ülfət Kərimovu özünə kumir seçmişdi. Onun kimi qəhrəman olmaq arzusu ilə döyüş yoluna çıxan Pəncəli Teymurovun özü də sonradan Prezident İlham Əliyevin sərəncamı ilə “Milli Qəhrəman” adına layiq görüldü.
Bu fakt bir daha göstərir ki, qəhrəmanlıq unudulmur – sadəcə, gec də olsa öz qiymətini alır.
İnanırıq ki, Ülfət Kərimovun da haqq etdiyi “Milli Qəhrəman” adı tezliklə rəsmiləşdiriləcək. Həmin gün həm onun, həm də Fatma ananın ruhu rahatlıq tapacaq.
Bu gün azad Qarabağda və Kəlbəcərdə həyat yenidən canlanır. Viran qoyulmuş yurdlar bərpa edilir, şəhərlər və kəndlər yenidən qurulur.
Kəlbəcərlilərin ən böyük arzularından biri də rayonun mərkəzi küçələrindən birinə Ülfət Kərimovun adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi üçün abidəsinin ucaldılmasıdır.
Çünki o, bu ada layiq olanların önündə gəlir.
Azərbaycanın qəhrəman oğlu, ruhun qarşısında baş əyir, ehtiramla anırıq. Söz verildiyi kimi, onun haqq etdiyi adın verilməsi uğrunda mübarizə davam edəcək.
O gün gələcək – və həmin gün Kəlbəcər eli bayram edəcək.




















Rövşən Hüseynli
Kəlbəcər – Bakı
Subyekt.az