![]()
Martın 20-də Bakının mərkəzində yerləşən Dənizkənarı Bulvarda bahar və yenilənmə bayramı olan Novruza həsr olunmuş mədəni-kütləvi tədbirlərin təntənəli açılışı baş tutub. Bayram tədbirinin təşkilatçıları Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi və “BI Group” tikinti holdinqi olub. Açılışda səfirlər və beynəlxalq təşkilatların rəhbərləri, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, geniş Bakı ictimaiyyəti və Azərbaycanda yaşayan qazaxıstanlılar iştirak ediblər.
Tədbirin açılışını edən Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel qeyd edib ki, Xəzər sahilində Novruzun qeyd olunması iki qardaş xalq arasında mədəni və tarixi bağların ayrılmazlığının simvoluna çevrilib. Diplomat vurğulayıb ki, bu il eyni vaxta təsadüf edən Novruz və Ramazan bayramları türk dünyasının ortaq dəyəridir və bu cür tədbirlər Azərbaycan sakinlərinə Qazaxıstanın ənənələri və müasir nailiyyətləri ilə daha yaxından tanış olmaq imkanı yaradır. Səfir bildirib ki, bu gün Qazaxıstan və Azərbaycan arasında, eləcə də ümumilikdə türk dünyasında yenilənmə, birlik və əməkdaşlıq mühiti hökm sürür.
Qonaqları həmçinin “BI Group” şirkətinin biznesin inkişafı üzrə rəhbəri Amir Amangeldinov salamlayaraq qeyd edib ki, tədbirlər xüsusi olaraq Bakının bütün sakinləri və qonaqları üçün təşkil olunub.
Martın 20-dən 22-dək üç gün ərzində azərbaycanlılar Qazaxıstanın etnomədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Bayram proqramı tanınmış artistlərin, folklor ansambllarının, uşaq rəqs kollektivlərinin çıxışlarını, qazax və Azərbaycan musiqisinin ən yaxşı nümunələrini bir araya gətirib.
Rəqs nümayişləri, o cümlədən “Qara Jorğa” Qazax fleşmobu və türk xalqlarını birləşdirən “Yallı” rəqsi böyük maraq doğurub. Tədbirin ən “coşqulu” hissəsi isə “xalq diskotekası” olub — burada bakılılar və Azərbaycanda yaşayan qazaxıstanlılar Qazax və Azərbaycan musiqisi sədaları altında birlikdə rəqs ediblər.
İnteraktiv hissəyə Qazax və Azərbaycan dillərinin ortaq kökləri üzrə bilik müsabiqələri, eləcə də “kəndir dartması” və “asık” milli idman yarışmaları daxil edilib.
Bayramın mühüm hissəsini naxışların işlənməsi və milli bəzəklərin hazırlanması üzrə tətbiqi incəsənət tematik master klassları təşkil edib. Ənənəvi mətbəxlə tanışlıq tədbirin xüsusi hissəsi olub. Qonaqlara bayramı simvolizə edən naurız köje, bauırsak, plov, jent və qurut yeməkləri təqdim olunub.
Tədbir çərçivəsində qiymətli hədiyyələr də oynanılıb. Xüsusilə, “Air Astana” və “Fly Arystan” aviaşirkətləri Bakı sakinlərinə Qazaxıstana aviabiletlər təqdim ediblər ki, bu da iki ölkə arasında turizm və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi niyyətini göstərir.
Dənizkənarı Bulvarda keçirilən tədbirlər martın 22-dək davam edəcək və təşkilatçıların sözlərinə görə, ikitərəfli mədəni dialoqun möhkəmləndirilməsində mühüm mərhələ olacaq.
Subyekt.az