![]()
Kəlbəcər rayonunun Ağdaban kəndində 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə törədilən faciədən bu gün 34 il ötür. Həmin gecə insanlığa qarşı törədilən vəhşiliyin acı izləri bu gün də yaddaşlarda yaşayır.
Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağda fəaliyyət göstərən erməni silahlı dəstələri tərəfindən həyata keçirilən hücum nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırıldı. Dinc sakinlər xüsusi qəddarlıqla işgəncələrə məruz qaldı. 779 nəfər kənd sakininə zorakılıq tətbiq olundu, 67 nəfər qətlə yetirildi. Qocaların, qadınların və azyaşlı uşaqların diri-diri yandırılması bu faciənin nə qədər ağır və amansız olduğunu bir daha göstərdi.
Ağdaban yalnız bir yaşayış məntəqəsi deyildi — o, həm də zəngin mədəniyyət ocağı idi. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Qurbanın və Aşıq Şəmşirin irsi də bu hücum zamanı məhv edildi. Onların əlyazmaları, ev muzeyi və digər tarixi-mədəni dəyərlər yandırılaraq yox edildi. Bu isə milli-mənəvi irsimizə vurulan böyük zərbə idi.
Faciəyə verilən hüquqi-siyasi qiymət onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Ümummilli Lider Heydər Əliyev Ağdaban hadisələrini bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirərək bunu insanlıq adına utanc adlandırmışdır.
Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Subyekt.az