![]()
Rövşən Hüseynli “Azəristiliktəchizat” ASC-nin rəhbəri İlham Mirzəliyev və mətbuat xidmətinin rəhbəri Elvin Baskallıya müraciət edərək Müşfiqabad Yeni qəsəbəsində istilik təchizatının bərpasını və sakinlərin haqlı suallarına rəsmi cavab verilməsini tələb edib.
“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və qurumun mətbuat xidmətinin rəhbəri Elvin Baskallıya açıq müraciət edirəm.
Çox hörmətli İlham müəllim, Elvin müəllim!

Sizə artıq üçüncü gündür müraciət edirəm. Təəssüf ki, Qaradağ rayonu, Müşfiqabad Yeni qəsəbəsində yaranmış istilik problemi ilə bağlı ünvanladığım yazılara və suallara indiyədək heç bir münasibət bildirilməyib. Bu susqunluğun səbəbini anlamaq mümkün deyil.
Sualım konkret, problem isə realdır: Müşfiqabad Yeni qəsəbəsində yüzlərlə ailə nə üçün havaların soyuduğu bir vaxtda istilik təchizatından məhrum edilməlidir?
Ən əsası, kommunal xidmətlər üzrə ödənişlərini vaxtında həyata keçirən, heç bir borcu olmayan sakinlər hansı səbəbdən bu vəziyyətlə üzləşməlidirlər? Vətəndaş üzərinə düşən öhdəliyi yerinə yetirirsə, qarşılığında dövlətin təqdim etdiyi xidməti almaq onun haqlı tələbidir.
Qəsəbədə yaşayanlar arasında ahıl insanlar, azyaşlı uşaqları olan ailələr, xüsusi qayğıya ehtiyacı olan şəxslər var. Soyuq havalarda mənzillərin istiliksiz qalması sadəcə məişət narahatlığı deyil, insanların gündəlik həyatına və sağlamlığına təsir göstərən ciddi sosial problemdir.
Cənab İlham Mirzəliyev, Prezident İlham Əliyevin dövlət məmurları ilə bağlı səsləndirdiyi mühüm bir prinsip var: hər bir məmur, hər bir vəzifəli şəxs xalqın və vətəndaşın xidmətçisidir. Bu prinsip dövlət idarəçiliyinin əsas fəlsəfəsini ifadə edir. Təəssüf ki, Müşfiqabad sakinlərinin üzləşdiyi vəziyyət və müraciətlərə cavab verilməməsi həmin prinsipə uyğun idarəçilik yanaşmasının vacibliyini bir daha gündəmə gətirir.
Sual edirəm: Siz isti kabinetlərdə oturarkən, ailələriniz rahat və isti mənzillərdə yaşayarkən, bu soyuqda istiliksiz qalan vətəndaşların vəziyyətini düşünmək və onların probleminə operativ reaksiya vermək məsuliyyətiniz deyilmi?
Xüsusilə vurğulamaq istəyirəm ki, dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılaraq yaradılmış istilik infrastrukturunun bu gün işlək vəziyyətdə olmaması ciddi araşdırılmalı məsələdir. Əgər istilikxana və istilik təchizatı sistemi mövcuddursa, onun səmərəli istismarına, ayrılmış dövlət vəsaitinin təyinatı üzrə istifadəsinə və əhalinin fasiləsiz xidmətlə təmin edilməsinə görə məsuliyyət daşıyan şəxslər konkret izahat verməlidirlər.
Dövlət büdcəsi xalqın vəsaitidir. Bu vəsait hesabına yaradılmış infrastrukturun yararsız və ya istifadəsiz vəziyyətə düşməsi, əgər belə bir hal mövcuddursa, yalnız təsərrüfat nöqsanı kimi qiymətləndirilə bilməz. Bu, dövlət vəsaitinə münasibət, idarəetmənin səmərəliliyi və vətəndaş qarşısında məsuliyyət məsələsidir.
Digər tərəfdən, sosial ədalət prinsipi qorunmalıdır. Kommunal borcu olmayan vətəndaşın borclu abonentlərin mövcudluğu və ya qurumun daxili təşkilati problemləri səbəbindən istiliksiz qalması yolverilməzdir. Hər bir abonentin öhdəliyi və məsuliyyəti fərdi qaydada qiymətləndirilməlidir. Vətəndaşın ödədiyi xidmətin qarşılığını tələb etməsi tamamilə qanuni və haqlı mövqedir.
Elvin müəllim, mətbuat xidmətinin rəhbəri olaraq sizin də üzərinizə düşən vəzifə jurnalist sorğularına, ictimai əhəmiyyət daşıyan məsələlərə münasibət bildirmək və cəmiyyəti məlumatlandırmaqdır. Bir jurnalistin iki gündür cavabsız qalan müraciəti hansı səbəbdən diqqətdən kənarda saxlanılır?

Mən bu məsələyə yalnız jurnalist mövqeyindən yanaşmıram. Eyni zamanda, vətəndaşların sosial problemlərinin ictimailəşdirilməsini özünün peşəkar vəzifəsi hesab edən bir media rəhbəri kimi çıxış edirəm. Əgər jurnalistin konkret sualına belə cavab verilmirsə, sıravi vətəndaşların müraciətlərinə münasibət barədə hansı qənaətə gəlmək olar?
Bir daha xatırladıram ki, mənim heç bir kommunal borcum olmadığı halda istiliksiz qalmağımın səbəbi nədir? Öhdəliklərini yerinə yetirən vətəndaş niyə xidmətin göstərilməməsinin nəticələrini öz üzərində hiss etməlidir?
“Azəristiliktəchizat” ASC-nin rəhbərliyindən tələb edirəm:
1. Qaradağ rayonu, Müşfiqabad Yeni qəsəbəsində istilik təchizatının dayandırılmasının səbəbləri barədə ictimaiyyətə rəsmi və əsaslandırılmış məlumat verilsin.
2. Qəsəbənin istilik sisteminin texniki vəziyyəti araşdırılsın və problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülsün.
3. Kommunal borcu olmayan sakinlərin istiliklə təmin edilməsi gecikdirilmədən bərpa olunsun.
4. Dövlət büdcəsi hesabına yaradılmış istilik infrastrukturunun hazırkı vəziyyəti və istismarına məsul şəxslər barədə aydınlıq gətirilsin.
5. Jurnalist müraciətinə və vətəndaşların haqlı narazılığına rəsmi münasibət bildirilsin.
Cənab İlham Mirzəliyev, tutduğunuz vəzifəyə, rəhbərlik etdiyiniz quruma və ən əsası, vətəndaş qarşısında daşıdığınız məsuliyyətə hörmət edin!
Dövlət qurumuna rəhbərlik etmək yalnız vəzifə səlahiyyətlərindən istifadə etmək deyil, həm də insanların problemlərini dinləmək, onların suallarına cavab vermək və mövcud çətinliklərin həlli üçün məsuliyyət daşımaq deməkdir.
Vətəndaşın müraciətinə laqeyd yanaşmaq idarəçilik deyil. İnsanların soyuq mənzillərdə qalmasına susmaq isə məsuliyyətdən yayınmaq təsiri yaradır.
Mənim tələbim nə imtiyaz, nə də xüsusi münasibətdir. Tələbim qanuni haqqımın təmin olunması, dövlət büdcəsi hesabına yaradılmış xidmətin vətəndaşa çatdırılması və Müşfiqabad sakinlərinin istiliklə təmin edilməsidir.
Bu problem şəxsi xahişlə deyil, məsuliyyətli idarəçilik və konkret tədbirlərlə həll olunmalıdır.
Cavab gözləyirəm, izahat tələb edirəm və istilik təchizatının bərpasını tələb edirəm!

Rövşən Hüseynli
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Subyekt.az saytının təsisçisi və baş redaktoru
Subyekt.az