![]()
Noyabrın 12-də Dublində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni müstəviyə yüksəldən mühüm siyasi hadisədir.
Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa hesab edir ki, bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, ölkəmizin milli maraqlarının beynəlxalq müstəvidə daha geniş təşviqinə və strateji mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Komitə sədri qeyd edib ki, 1994-cü ildən formalaşan ikitərəfli münasibətlərdə enerji əməkdaşlığı aparıcı istiqamətlərdən biri olub. Yeni Bəyannamənin mühüm əhəmiyyəti isə əməkdaşlığın bu çərçivədən kənara çıxaraq müdafiə və təhlükəsizlik, iqtisadiyyat, investisiya, enerji, təhsil, elm və innovasiya sahələrini əhatə edən daha geniş və çoxşaxəli strateji tərəfdaşlıq modelinə keçidini təmin etməsidir.
Millət vəkili Fazil Mustafa xüsusilə Azərbaycanın Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi və regional nəqliyyat-logistika imkanları baxımından artan rolunun bu tərəfdaşlığa xüsusi strateji məzmun qazandırdığını vurğulayıb.
Deputatın fikrincə, Bəyannamədə Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətin bir daha təsdiqlənməsi sənədin siyasi əhəmiyyətini artıran mühüm məqamlardandır.
Fazil Mustafa hesab edir ki, bu tərəfdaşlıq Azərbaycanın yalnız iqtisadi və enerji potensialının deyil, həm də regional təhlükəsizliyin, sülhün və sabitliyin təmin olunmasında artan rolunun beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində yalnız tərəfdaşlıq axtaran deyil, öz geosiyasi imkanları, iqtisadi potensialı və müstəqil siyasi iradəsi ilə strateji əməkdaşlığın gündəliyinə təsir göstərən dövlətdir. Bu baxımdan, yeni Bəyannamə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi, Azərbaycanın davamlı inkişafı və beynəlxalq nüfuzunun daha da yüksəlməsi üçün mühüm perspektivlər açır.
Subyekt.az